Bu gün Bakının Ələt qəsəbəsində Şixezi-Dostik-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edərək Bakı Beynəlxalq Dəniz Limanına çatan ilk konteyner qatarının qarşılanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini Abid Şərifov, dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmiryolları, Bakı, Batumi, Aktau limanları və Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
82 konteyner və 41 platforma vaqonundan ibarət olan qatar iyulun 28-də Çinin Sincan vilayətinin Şixezi şəhərindən hərəkətə başlayıb və Qazaxıstanın Aktau limanı vasitəsi ilə 4000 kilometr məsafəni qət etməklə, bu gün səhər Ələt qəsəbəsində yerləşən Bakı Limanına çatıb. Qatarın göstərilən marşrut üzrə hərəkət etməsi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyləri nəticəsində mümkün olub.
Tədbirdə çıxış edən tədbirdə baş nazirin müavini Abid Şərifov bildirib ki, bu xəttin önəmi ondan ibarətdir ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da söz alaraq ticarət əlaqələrinin inkişafı üçün böyük bir xəttin olmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu gün tranzit yüklərin çatdırılmasının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülür. Bu sahədə görülən işlərin Azərbaycana 100 milyon dollara yaxın xeyri ola bilər: "Azərbaycanda tranzit yüklərin inkişafına böyük investisiyalar yatırılıb. Artıq dəmiryol sahəsində həm sərnişindaşıma, həm də yükdaşıma sahəsində yeniliklər təşkil edilir. Yaxın günlərdə 50-yə yaxın elektrovoz alınmalıdır. Bundan başqa, beş yeni sərnişin qatarı da alınıb."
Daha sonra digər qonaqlar da çıxış edərək bu əməkdaşlığın vacibliyini vurğulayıblar.
Qeyd edək ki, konteyner qatarının göstərilən istiqamət üzrə hərəkətinin reallaşması yaxın vaxtlarda istismara verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışına hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB