Qənirə Paşayeva: “Boşanmalardan hamımız narahat olmalıyıq”

Qənirə Paşayeva: “Boşanmalardan hamımız narahat olmalıyıq”

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə son zamanlar boşanma hallarının artması barədə narahatlıqları dilə gətirməklə yanaşı, boşanmalar zamanı ortaya çıxan xoşagəlməz hallardan da danışıb. O bildirib ki, seçicilər arasında onlarla boşanmış ailələrin müraciətləri var. "Əsasən də boşandıqdan sonra övladları ilə çətin vəziyyətdə qalan analardan gəlir bu müraciətlər və onlarla geniş söhbətlərimizin nəticəsi olaraq gəldiyimiz qənaəti sizinlə bölüşmək və sizi övladlarınız ailə quran zaman mütləq nigah müqaviləsi məsələsinə ciddi yanaşmağa çağırıram. Nigah müqaviləsi boşanmalar zamanı bir çox xoşagəlməz halların qarşısını ala bilər. Əsasən də qızların valideynlərini bu məsələdə həssas olmağa çağırıram. Tərəflər toy ərəfəsində hər bir sahədə razılığa gəlirlər, amma nikah müqaviləsi haqqında nəinki danışmaq, hətta düşünmək belə çoxlarının ağıllarına gəlmir. Bəzilər də düşünür ki, ayıbdır. Qudalarımız deyərlər ki, yəqin bizə inanmırlar. Çox təəssüf ki, hələ də bir çoxlarımız bu bizim milli mentalitetimizə uyğun deyil deyə heç bir əsası olmayan arqumentlərlə bu doğru olmayan düşüncəni əsaslandırırlar. Amma sonradan boşanma zamanı məhkəmə zallarında elə xoş olmayan şeylər yaşanır, milli mentalitetimizə uyğun olmayan elə hərəkətlər olur ki, adam dəhşətə gəlir. Bəzi qadınlar övladları ilə çox böyük çətinliklər içərisində qalırlar və həm özləri həm də ailələri o zamankı ağlımız olsaydı deyə, peşmançılıq çəkirlər. Hələ də yaşadığı ünvanda qeydiyyata salınmayan gəlinlər var. Bu, çox pis haldır və gələcəkdə problemləri ortaya çıxarır. Siz mənə gələn bəzi müraciətləri oxusanız dəhşətə gələrsiniz. El adəti ilə gəlin köçmək, toy çalınmaqla rəsmi nigah fərqli şeylərdir. Hər bir qızımız toyu zamanı rəsmi nigahı da bağlanmalıdır ki, sonradan xoş olmayan problemlərlə üzləşməsinlər. Bu məsələdə ailələr xüsusi həssas olmalıdır".

Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə