“Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir”

“Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir”

Tovuzun ən böyük kəndlərindən biri olan Xatınlıda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin təşkilatçılığı ilə "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, gənclərlə bu istiqamətdə geniş müzakirələr aparılıb, onlara tariximiz, işğal altında olan torpaqlarımıza aid kitablar hədiyyə edilib. Bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq tariximizin öyrənilməsi ilə bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürlərini bildiriblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. "Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Hər bir gənc eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməlidir. çağırıb. Gənclərimiz Azərbaycan tarixi, dili, ədəbiyyatı və coğrafiyasını hansı peşənin sahibi olmaq arzusundan asılı olmayaraq yaxşı öyrənməli, həqiqətlərimizi daha geniş bilməli, yaymalı, dünyanın hər yerində ökəmiz, millətimiz, onun tarixi ilə bağlı yalan və yanlış məlumat yayanlara qarşı daima mübarizə aparmalıdır".

Mİllət vəkili həmçinin onlara 20-ci əsrin əvvəlində erməni silahlı,terror dəstələrinin torpaqlarımızda törətdiyi vandalizm aktları, soyqırımlar, 20-ci əsrin sonlarında Ermənistanın işğal etdyi torpaqlarımızda törətdiyi cinayətlər və soyqırımlar barədə geniş məlumatlar vermiş, təkcə işğal altında olan torpaqlarımız deyil bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi ata-baba torpaqlarımızdakı tarixi də dərindən öyrənməli və bütün dünyada hər zaman yaymalıdırlar deyib.Daha sonra millət vəkili Qənirə Paşayeva hər bir uşaqlarla ayrıca söhbət edib, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı əsərləri və öznüün müəllifi olduğu kitablarını onlara imzalayaraq hədiyyə edib.

Görüşdə millət vəkili kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Həmçinin o, uşaqların yay tətilinə buraxılmasına toxunaraq bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə