"Liftin istismar qaydalarına düzgün riayət olunmalıdır"

Ruslan Dilanov: "Sakinlər hər-hansısa bir nasazlıq hiss etdikdə, liftdən heç bir halda istifadə etməməlidir"
"Liftin istismar qaydalarına düzgün riayət olunmalıdır"

Həyatımızın bir parçasına çevrilən lift rahat şəkildə mənzilimizə, iş yerimizə və yaxud da getdiyimiz məkana çatmaqda bizə hər zaman yardımçıdır. Bakı şəhərində lift sahəsinə cavabdeh olan qurumlardan biri də "Lifttəmir" İstehsalat Birliyi və bu quruma daxil olan təşkilatlardan biri "Baklift" 2 idarəsidir. Müsahibimiz "Baklift" 2 idarəsinin rəisi Ruslan Dilanovdur.

- Ruslan müəllim, "Baklift" 2 idarəsi nə vaxtdan fəaliyyət göstərir? Ümumiyyətlə, bu qurumun fəaliyyət sferası nədən ibarətdir?

- İdarəmiz 1960-cı illərdə yaranıb. İlk əvvəl də idarə kimi yox, idarənin tərkibində ayrıca sahə kimi fəaliyyət göstərib. Həmin vaxtlardan başlayaraq Bakıda hündürmərtəbəli binaların sayı çoxalmağa başlayıb və sonra "Baklift" ayrıca təşkilat olub. İdarə kimi də 25 ildən çoxdur ki, fəaliyyət göstərir. İdarəmiz şəhərin üç ən böyük rayonuna - Suraxanı, Sabunçu və Xəzər rayonlarının liftlərinə texniki xidmət göstərir. Bu rayonlarda da 1157 lift var. Biz yalnız liftlərə texniki xidmət göstəririk. Amma bəziləri elə bilir ki, bu rayonlarda olan bütün liftlərə biz xidmət edirik. Bəzən bu rayonlarda olan kooperativlərin və MTK-ların tikdiyi binaları, həmçinin də ayrı-ayrı təşkilatların binalarının da liftlərini bizim üstümüzə yazmaq istəyirlər. Bununla da insanlarda bir çaşqınlıq yaradılır. Biz yuxarıda adlarını qeyd etdiyim üç rayonun yalnız yaşayış binalarında olan liftlərə texniki xidmət edirik.

- Son illərdə neçə yeni liftlər qoymusuz və neçə lifti əsaslı təmir etmisiniz?

- 200-dən çox təzə lift qoyulub və 300-dən çox liftlərdə də əsaslı təmir işləri aparmışıq. Təzə qoyduğumuz liftlər elektronik tipli, bir qədər loru dildə desək "ağıllı" liftlərdir. Təmir etdiyimiz liftlər isə Sovet dövründən qalan mexaniki liftlərdir. Bizim ali məqsədimiz isə bütün liftləri elektronik liftlərə keçirməkdir. Çünki bu liftlər daha rahat və daha yaxşıdır.

- Qeyd etdiniz ki, kooperativ və MTK-ların tikdiyi binalarda olan liftlərə texniki xidmət göstərmirsiniz. Bəlkə tam açıqlayasınız həmin rayonlarda olan bu binalar hansılardır?

- Qaraçuxur qəsəbəsində çoxlu kooperativ bina var. Bu binaların sədrləri sakinlərə başa salmırlar ki, bizim "Baklift" 2 idarəsi həmin binalarda olan liftlərə xidmət etmir. Suraxanı rayonunda 300-dən artıq, Sabunçu və Xəzər rayonunda isə təxminən 100-dən artıq belə liftlər var. Biz onlara texniki xidmət göstərmirik. Onlara xidmət edənin kim olduğunu bilməyən və həmin binalarda yaşayan adamlar da qəzetlərdə, saytlarda bizim haqqımızda yazırlar ki, niyə biz onların liftlərini təmir etmirik və niyə biz bu insanlara qarşı biganəyik. Görürsünüzmü, adi bir anlaşılmazlıq və insanların onların liftlərinə kimlərin xidmət etdiklərini bilmədiklərinə görə, bizə qarşı mənfi fikir formalaşdırırlar. Bizim idarəyə zəng vurub tələb edirlər ki, gəlib onların sıradan çıxmış, xarab olmuş liftlərini təmir edək. Onlara başa salırıq ki, biz sizin liftlərə xidmət etmirik. Sizin binalarda olan liftlərin bizə aidiyyatı yoxdur. Yenə də bizimlə razılaşmaq istəmir və bizi hədələyirlər ki, sizdən yuxarılara şikayət edəcəyik. Edirlər də. Onlara da yuxarı təşkilatlarda başa salırlar ki, "Baklift" 2 idarəsi sizlərə xidmət etmir. Siz binalarınızın sədrlərinə müraciət edin. Deməli, bu adamlar öz hüquqlarını, onlara kimlərin xidmət etdiyini dəqiq bilmədikləri üçün bir çox sakinlərin vaxtını alır və həm özlərində və həm də başqa insanlarda böyük əsəb gərginlikləri yaradırlar. Həmin binalarda yaşayan insanlara sizin saytınız vasitəsilə bildirmək istəyirəm ki, qoy onlar bizə yox, öz binalarının sədrlərinə müraciət etsinlər. Əgər həmin sədrlər bizimlə müqavilə bağlasalar bax onda biz həmin binalara da böyük məmnuniyyətlə xidmət edə bilərik. Çünki bizim çox yüksək ixtisaslı, öz işlərinin kamil biliciləri olan mexaniklərimiz var ki, onlar bütün liftləri tez və keyfiyyətli təmir edə bilərlər. Doğrudur, son vaxtlar Fövqəladə Hallar Nazirliyinin işçiləri həmin kooperativlərin sədrlərinə təklif ediblər ki, gəlib lift sahəsi üzrə ixtisaslaşmış və lisenziyası olan təşkilatlarla müqavilə bağlasınlar və onlar da həmin liftlərə texniki xidmət etsinlər. Bu haqda danışıqlar gedir. Onu da vurğulayım ki, lift işi sadə iş deyil. Bu texnikadır. Müqavilə bağlayan kimi biz deyə bilmərik ki, hər iş əla olacaq. İlk öncə bütün liftlərdə yoxlama işləri aparılacaq. Sonra Fövqəladə Hallar Nazirliyinin işçilərilə birlikdə bütün liftlər diqqətlə yoxlanılmalıdır. Çünki sabah bir hadisə baş verəndə biz bilməliyik ki, bu hadisə nədən qaynaqlanıb.

- Maraqlıdır, liftləri qorumaq üçün sakinlər nə etməlidirlər?

- Acınacaqlı olsa da deməliyəm ki, adamların çoxu liftlərlə çox pis rəftar edirlər. Onları sındırır, siqareti liftin divarlarına söndürürlər. Hətta elələri var ki, liftlərin lampasını çıxarıb aparır evinə. Ona görə də sakinlərə demək istəyirəm ki, əgər yüz lift idarəsi olsa, fərqi yoxdur, əgər sakinlər özləri liftlərinə qulluq etməsələr, onu vaxtlı-vaxtında tozdan, zir-zibildən təmizləməsələr, göz bəbəyi kimi qorumasalar liftlər istismar müddətini daha tez başa vuracaq. Gərək sakinlər özləri bunların qayğısına qalsınlar. Təsəvvür edin ki, 8-ci mərtəbədə yaşayan bir sakin öz binasını təmir edən vaxt, binada çıxan bütün zir-zibilləri, köhnə tikinti materiallarını liftə doldurub aşağı düşürür.

- Liftin yenisi ilə əvəz olunması təxminən neçəyə başa gəlir?

- Təkcə əsaslı təmir aparmaq üçün 5-10 min manat civarında xərc çəkilir. Təzə liftləri qoymaq isə çox baha başa gəlir. Sakinlər başa düşmürlər ki, həmin pul onların öz pullarıdır. İndi vurun bu pulu yüz liftə və görün insanlar birdən-birə özlərinin nə qədər pullarını göyə sovururlar. Axı dövlətin pulu və ölkəyə gələn gəlir xalqındır. Həmin büdcədən liftlərin təmiri üçün ayrılan pul da səhlənkar sakinlərin ucbatından itirilir. Axı həmin pula insanlar üçün lazım olan daha başqa işləri görmək olar. Yəni biz özümüz bilərəkdən özümüzə, öz büdcəmizə böyük ziyan vururuq.

- Elə yerlər varmı ki, insanlar öz liftlərinə yaxşı qulluq edirlər?

- Bəli, var. Sabunçu və Suraxanı rayonlarında olan sakinlərin çoxu liftlərə yaxşı qulluq edirlər. İstifadə etdikləri liftləri qoruyurlar. Bizim ən böyük problemlərimiz adamlar liftdə qalanda olur. Görürsən ki, adamlar bu işə heç bir aidiyyatı olmayan adamları çağırırlar. Həmin adamlar da gəlib liftləri sındırırlar. Sonra həmin liftləri təmir etməkdə çox əziyyət çəkirik. Əslində liftdə qalan adamlar on dəqiqə səbirli olsalar və onların liftlərinə xidmət edən adamları, lift bələdçilərini, mexanikləri çağırsalar onlar da gəlib onları heç nəyə xətər yetirmədən liftdən çıxaracaqlar. Onu da vurğulayım ki, hər gün Mənzil Kommunal İstismar sahələrinin lift bələdçiləri liftləri yoxlayırlar. Liftlərdə nasazlıq olan kimi, bizim işçilərə xəbər verirlər və işçilərimiz də gedib liftləri təmir edirlər.

- Sizdən mediaya kimsə şikayət yazırsa, media nümayəndələri şikayəti sizin idarədə araşdırırlarmı?

- Bəzən gəlirlərə, bəziləri isə şikayəti araşdırmır, nə gəldi yazırlar. Bizim fikrimizlə maraqlanmırlar ki, bilsinlər bu yazı qərəzli yazılıb, ya də elə yazılan həqiqətdir. Amma həmin yazılanların demək olar ki, çoxu qərəzli olur. Ona görə də həmin media nümayəndələrindən təvəqqəmiz budur ki, bir yazını qəzetdə çap etdirməmiş və ya saytda yerləşdirməmiş, gəlib bizimlə söhbət etsinlər. Onlar özləri görəcəklər ki, həmin yazılar ya qərəzli yazılıb, ya da adamlar savadsızlıqdan, lift işini bilməməkdən, bizim idarəyə aidiyyatı olmayan şikayəti ediblər. Sizin agentliyiniz vasitəsilə bir daha vətəndaşlara müraciət edirik ki, liftin istismar qaydalarına düzgün riayət etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə