İyulun 29-də Ucar rayonunun Qulabənd kəndinə, eləcə də Yevlax rayonunun Havarlı kəndinə və Türklər məhəlləsinə təbii qaz verilib. SİA-nın Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ucar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 306 abonenti olan Qulabənd kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 17976 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yevlax rayonunun 496 abonentlik Havarlı kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilmiş tədbirdə qeyd olunub ki, bu məqsədlə böyük iş görülüb: birpilləli sistem əsasında 33087 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Yevlax rayonunun Yədilli kəndi ərazisindəki 25 abonenti olan Türklər məhəlləsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə vurğulanıb ki, məhəllənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2821 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 25 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB