Qənirə Paşayeva Bayburt millət vəkili ilə görüşdü FOTOLAR

Qənirə Paşayeva Bayburt millət vəkili ilə görüşdü FOTOLAR

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Bayburt millət vəkili Karabey Kadri Karaoğlu ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Qənirə Paşayeva son günlərdə şəhid olan əsgər və polis qardaşlarımız üçün biz də sizin qədər üzüldük deyib. O, son günlər terror hadisələri nəticəsində şəhid olmuş əsgər və polislərlə bağlı başsağlığını çatdırıb və insanlarımızın üzüntülərini paylaşır və terroru kəskin pisləyirik deyib: "Bir daha belə terror olaylarının yaşanmamasını diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Getdikcə daha da gərginləşən bir bölgədə Azərbaycan və Türkiyə olaraq birlik və bərabərliyimizi daha da gücləndirməliyik".

Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş müzakirələr aparılıb və millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə də xaricdə yaşayan insanlarımızla birlikdə səylərimizi daha da artırmalıyıq fikirlərini səsləndirib.

Türkiyə Böyük Millət Məclisinə seçkilər başa çatdıqdan sonra Parlamentlərarası Dostluq Qrupları formalaşmağa başladığı zaman ilk öncə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olduğunu söyləyən Karabey Kadri Karaoğlu Azərbaycanı çox sevdiyini, əməkdaşlığın inkişafına böyük önəm verdiyini və öz fəaliyyəti dövründə bu istiqamətdə yorulmadan çalışaçağını bildirib. "Azərbaycanın Qarabağ ağrısı bizim də ağrımızdır və fəaliyyətim dövründə bu məsələ bir Azərbaycanlı millət vəkili qədər mənim də diqqətimdə olacaq."

Daha sonra millət vəkili Qənirə Paşayeva Bayburt millət vəkili Karabey Kadri Karaoğlunu Azərbaycana dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Karabey Kadri Karaoğlu yaxın zamanlarda ölkəmizə gələcəyini deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Karabey Kadri Karaoğluna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə