Lənkəranda Milli Mətbuatın 140 illiyinə həsr edilən konfrans keçirilib

Lənkəranda Milli Mətbuatın 140 illiyinə həsr edilən konfrans keçirilib

Lənkəran ŞİH-nin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində "Azərbaycan milli mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, konfransı giriş sözü ilə Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir iştirakçılarını Milli Mətbuat günü münasibətilə təbrik edib, dövlətimizin mətbuata olan diqqət və qayğısından, medianın müasir dövrdəki inkişaf perspektivlərindən danışıb. Rektor Milli Mətbuatımızın bütün dövrlərdə həqiqət carçısı olduğunu, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığını bildirib və qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ölkəmizdə söz və azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının təzahürüdür.

"Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov "Azərbaycan milli mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda məruzə edərək mətbuatımızın keçdiyi 140 illik şərəfli yolundan danışıb. Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri Etibar Əhədov, "Olaylar" qəzetinin bölgə müxbiri Hafiz Mirzə, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, APA informasiya agentliyinin bölgə müxbiri Ağaddin Babayev, "Lerik" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Şükürlü və LDU-nun Tələbə Gənclər Təşkilatının sədri Emin Həmidli çıxış edərək Milli Mətbuatımızın uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını bildiriblər.

Konfransda bir qrup jurnalistə Fəxri fərman və hədiyyələr təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə