Yardımlıda regional konfrans işə başladı FOTOLAR

Yardımlıda regional konfrans işə başladı FOTOLAR

İyulun 28-də Yardımlı rayon mədəniyyət evində "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda ikigünlük regional konfrans işə başlayıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edirlər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbiri açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər ardıcıllıqla davam etdirilir.

Konfransda DQİDK-nin sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib. Mübariz Qurbanlı çıxışında xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərindən, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan DQİDK-nə 2,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan Mübariz Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Natiq İslam dinini radikalizmə sürükləmək meyllərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək cəhdlərindən danışaraq gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumağın vacibliyini qeyd edib. Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Təhməzov mövzuyla bağlı çıxışlar ediblər.

Konfransın ilk iş günü başa çatdıqdan sonra komitə sədri Mübariz Qurbanlı Yardımlı şəhərindəki "Cümə" məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.

Qeyd edək ki. regional konfrans öz işini iyulun 29-da plenar iclaslarda davam etdirəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə