Üç min il əvvələ aid maddi-mədəniyyət nümünələri aşkar olunub FOTOLAR

Üç min il əvvələ aid maddi-mədəniyyət nümünələri aşkar olunub FOTOLAR

Lerik rayonunda Fransız və Azərbaycan alimlərindən ibarət arxeoloji ekspedisiya tərəfindən rayonun Monidigah kəndində arxeoloji qazıntılar aparılır. SİA-nın Cənub bürosunun məlumatına görə, qazıntılar aparılan ərazidə od izləri, divar qalıqları, bəzək əşyaları insan və heyvan sümükləri, son tunc və ilk dəmir dövrünə aid ox ucluqları, müxtəlif silah nümunələri, ümümilikdə 200-dən artıq eksponat aşkarlanıb. Tapıntılar arasında Lerik ərazisində analoqu olmayan qədim yaşayış məskəni aşkar olunub.

Fransa tərəfindən olan ekspedisiyanın rəhbəri, professor Mişel Kazanova bildirib ki, biz müəyyən materialları özümüzlə Fransaya apararıq orada laboratoriada analiz edəndən sonra onlar haqqında daha dolğun məlumat əldə edə bilərik. Burada tapılan bütün maddi mədəniyyət nümunələri maraq doğurur və müayinələrdən sonra yəqin ki, Azərbaycan tarixinin öyrənilməsində onların mühüm əhəmiyyəti olacaq. Arxeoloqların sözlərinə görə, Morqan qardaşlarının 120 il əvvəl rayon ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin xəritəsi əsasında aparılan tədqiqatlar nəticəsində hazırki yaşayış məskəni aşkar edilib. Bu kompleksə daş qutu qəbirlər, yaşayış yerləri və ibadət yerləri daxildir. Bu çox unikal abidə hesab edilir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərovun sözlərinə görə, qazıntı aparılan ərazini hasara alıb buranı tarixi abidə kimi qoruyub saxlamaq, Mondigah kəndi ərazisində turizim marşrutunun yaradılması düşünülür. Onun sözlərinə görə, ikinci ekspedisiya qrupu tərəfindən rayonun Gürdəsər kəndi ətrafında Piboz təpə adlanan ərazidə arxeoloji tədiqatlar aparılır. "Burada kütləvi məzarlıq aşkar edilib. Aparılan araşdırmalar zamanı Antik dövrə aid maddi-mədəniyyət nümunələri tapılıb. Aşkar edilən məzarlıqda 22 insan qəbri üzə çıxıb. Maraqlı məqam isə qəbirstanlıqda insanlarla yanaşı heyvanların da dəfn olunmasıdır. Ekspedisiyanın əsas məqsədi Azərbaycan ərazisində Antik dövr üzrə elmi tədqiqat aparıb, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini öyrənməkdir."

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə