Bu gün ölkəmizdə ən real gəlirli sahə neft sektoru hesab olunur. Etiraf olunmalıdır ki, insanlarımız daha çox bu sahədə çalışmağa üstünlük verirlər. Ən azı ona görə ki, neft sektorunda əmək haqlarının digər müəssisə və təşkilatlarda çalışanlardan daha çox olması ilə yanaşı, istirahət hüquqlarının müdafiəsi, tibbi təminatları, sosial-məişət problemlərinin həlli də bu sahədə daha üstün imkanlara malikdir. Amma qeyd olunmalıdır ki, bu sahədə də ciddi problemlər, nöqsanlar az deyil. Xüsusilə də, Əmək Məcəlləsinin müddəalarının pozulması halları neft şirkətinin bəzi müəssisə və təşkilatlarında daha çox rast gəlinən hallardandır. İşçilərlə tibbi sığorta müqaviləsi bağlansa da, bu müqavilənin şərtlərinə əhəmiyyət verilmir. Eyni zamanda, işçilər bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmurlar.
Dövlət Neft Şirkətinin qeyri-rəsmi balansında olan Mərkəzi Neftçilər Xəstəxanasında işçilərin tibbi müayinə və müalicə olunmalarında ciddi əngəllər yaradılır. Bu sadaladığımız hallarla bağlı redaksiyamıza daxil olan şikayət məktublarını araşdırarkən, faktların əsaslı olduğu təsdiqlənir. 38 il Dövlət Neft Şirkətində əmək fəaliyyətinə fəhləlikdən başlayıb, yataqxanalarda tərbiyəçi vəzifəsinə qədər əmək fəaliyyəti yolu keçən Məhərrəmov Valeh Cəbrayıl oğlu bildirir ki, Neft Şirkətində neftçi kimi əmək fəaliyyəti göstərmək onun həyatı, taleyi olub, ancaq zəhməti şirkət tərəfindən dəyərləndirilməyib: "1973-cü ildən 2011-ci ilə qədər Neft Şirkətinin müəssisə və təşkilatlarında işləmişəm. Amma təəssüflər olsun ki, işləmək imkanım tükəndikdən sonra şirkət məndən imtina etdi. 25 il növbədə dayansam da, məni mənzillə təmin etməməklə yanaşı, müayinə və müalicəmdən də imtina olundu".
"Premium" sığorta şirkətinin özünəməxsus qaydaları var
Valeh Məhərrəmov iddia edir ki, ürəyimdə baş qaldıran ağrılarla əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunmaq arzusunda olub. Amma Hippokrat andına sadiq qalmayan xəstəxananın həkimləri onun arzusunun üstündən çalın-çarpaz xətt çəkiblər: "Mən 1973-cü ildən 2011-ci ilə qədər ARDNŞ-nin müəssisə və təşkilatlarında fəhlə vəzifələrində, ali təhsil aldıqdan sonra isə fəhlə yataqxanasında tərbiyəçi-müəllim və komendant işləmişəm. Müalicəyə ehtiyacım olduğu üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etdim. Orada bildirdilər ki, "Premium" sığorta şirkəti sizinlə bağlı müvafiq sənədləri təqdim etdikdən sonra ürəyinizlə bağlı müayinə və müalicənizi xəstəxanada həyata keçirə bilərsiniz. "Premium" sığorta şirkətindən isə mənə bildirdilər ki, sənədləriniz saxtadır. Haqqımı müdafiə etmək istəsəm də, məni dinləmək istəməyib, qolu zorlu mühafizəçilərinin köməyilə bayıra atdılar".
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Dövlət Neft Şirkətinin səhiyyə xidməti göstərən müəssisələri Səhiyyə Nazirliyinin balansına keçsə də, Mərkəzi Neftçilər Xəstəxanası və poliklinikası neft şirkətinin balansında qalıb. Qəribə və təəccüb doğuran məqam ondan ibarətdir ki, neft şirkəti işçilərinin Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicəsini hansısa vasitəçi üsullarla həyata keçirir. Daha doğrusu, "Premium" adlı sığorta şirkətinin mütləq razılığı lazımdır ki, neftçi Mərkəzi Neftçilər Xəstəxanasında müalicə oluna bilsin. Qanunvericiliyə görə, ortada vasitəçi olsa belə Dövlət Neft Şirkəti öz işçilərinin hüquqlarını qorumağa borcludur. Hətta müəssisə və təşkilatlar ləğv olunsa və ya hansısa nazirliyin balansına verilsə belə. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinə görə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Yeni mülkiyyətçi əvvəlki mülkiyyətçi ilə işçi arasındakı bağlanan müqaviləni heç bir halda poza bilməz. Nəzərə almaq lazımdır ki, Dövlət Neft Şirkəti bağladığı müqavilələrdə işçilərin təqaüdə çıxdıqdan sonra belə onların müayinə və müalicəsini təmin etmək öhdəliyini götürüb.
Bizimlə söhbətində "Premium" sığorta şirkətinin nümayəndəsi Anar müəllim özlərinin tətbiq etdikləri qaydalara haqq qazandırmağa çalışdı. Ona "Azərbaycan qanunları fərdlərin tətbiq etdiyi qaydalardan daha üstündür" ali fikrini başa salmağa çalışsaq da, şirkət nümayəndəsi dediyindən dönmədi. Biz də belələri ilə söz savaşına çıxmağın mənasız olduğunu bildiyimizdən daha ciddi cavablar almaq ümidi ilə, Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə müraciət etməli olduq. Amma təəssüflər olsun...
Bu barədə danışmazdan əvvəl nəzərə çatdırmaq lazımdır ki, şikayətçi Valeh Məhərrəmovun sağlamlığının təminatı üçün sığorta kartı mövcuddur. "Premium" sığorta şirkətinin özünəməxsus qanunlarla neftçilərə meydan oxuması isə yalnız özbaşınalıq və qanunlara sayğısızlıq nümunəsi sayıla bilər. Daha doğrusu, şirkətin əməli Azərbaycanın hümanizm dəyərlərinə hörmətsizliklə yanaşı, "Sığorta haqqında" Qanunun kobud şəkildə pozulması deməkdir.
"Sığorta haqqında" Qanunda qeyd olunur ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən, başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır. Sadəcə, "Premium" sığorta şirkəti kimə və nəyəsə arxalandığından, qanunlara riayət etmək istəmir. Məhz bu kimi amilləri nəzərə aldığına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edir ki, sığorta şirkətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetiməməsi sığorta sisteminə inamsızlığın yaranmasına gətirib çıxarar: "Sığorta şirkətləri ilə xəstəxanalar arasında əlaqələrin tam olaraq qurulmaması icbari, həm də könüllü sığortanın tətbiqinə müəyyən problemlər yaradır. Problemin aradan qaldırılması üçün qarşılıqlı əlaqələrin qurulmasına ehtiyac var".
Neft şirkətində keçmiş işçilərinə qarşı biganəlik var
Azərbaycan Dövlət Neft Şirkəti kimi dünyaca tanınmış bir şirkətin hansısa sığorta şirkətinin əlində neftçilər arasında narazılıqlar yarada biləcək mənbəyə çevrilməsi təəccüb, həm də təəssüfə səbəb olur. Valeh Məhərrəmovla yanaşı bizə şikayət ərizəsi ilə üz tutan təqaüdçü neftçilərdən Vahid Kərimov diqqətə çatdırıb ki, 1975-ci ildən neft sənayesində çalışıb və peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlil kimi işdən təxris olunub: "Təəssüf ki, qara ciyərim 4,6 sm böyüyüb. Mənim nə bu xəstəxanada yerləşdirilməyimə icazə verilir, nə də analizlərimə baxılır. Hazırda mənə deyilir ki, biz lazım olan yerə məlumat verərik. Dəfələrlə mən xəstəxanada qalmışam. Ancaq əfsus ki, 3-5 gün qaldıqdan sonra resept yazıb, xəstəxanadan çıxarıblar. Apteklərdə həmin dərmanların qiyməti çox bahadır. Təqribən 350-500 manat arasında. Buna da gücüm çatmadığına görə müalicəmi davam etdirə bilmirəm".
Nazilə adlı şikayətçi xanım da Nefçilər Xəstəxanasının onu qəbul etməməsindən şikayət edir: "Məni iki dəfə rentgen müayinəsinə göndəriblər. Hər dəfə də xəstəliklər aşkarlanıb. Amma xəstəxanaya götürmürlər ki, "Premirum" sığorta şirkəti icazə vermir. 30 il neft şirkətində işləmişəm, bütün sənədlərim də yerindədir. Buna baxmayaraq bizə yeganə cavab o olur ki, "Sığorta icazə vermir!" Bilmirəm, kimə dərdimi deyim, kimdən kömək istəyim?"
Yuxarıda qeyd etdiyimiz kimi, şikayətlərlə bağlı konkret cavab almaq ümidi ilə, xəstəxananın rəhbərliyinə bir neçə sualla müraciət etdik.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkiminin müavini Nadir Mehdiyev isə hər vəchlə günahı ARDNŞ-nin üzərinə atmağa və özlərini aydan arı-sudan duru göstərməyə çalışdı. Qısaca dedi ki, təqaüdçü neftçilərin müayinə oluna bilməməsi onların günahı deyil: "Onları Dövlət Neft Şirkəti sığortalamalıdır. Sığortalanmamağın səbəbini şirkətdən soruşmaq lazımdır. Sığortanın icazəsi olmadan biz onları qəbul edə bilmərik. Əvvəllər Neftçilər Xəstəxanasına kifayət qədər xəstə neftçi gəlirdi. Ancaq indi sığorta ilə əlaqədar xəstə neftçilər başqa-başqa xəstəxanalara da göndərilir. Sığorta şirkətinin öz planları var və xəstələrin müvafiq formada hansı xəstəxanada müalicə almalı olduqlarını bölüşdürürlər".
Bir sözlə, "Premium" sığorta şirkəti bir bəla olub keçib biçarə nefçilərin boğazına. "Burda mənəm, Bağdada kor xəlifə" deyir. İşçilərinin hüquqlarını qorumağa borçlu olan neft şirkətinin susması isə müəyyən qımışmalara əsas olan şübhələr yaradır. Çünki maraqları birləşdirən tellər olmasa, neft şirkəti hansısa sığorta şirkətinin deyil, neft sənayesinin inkişafında böyük xidmətləri olan, bütövlükdə ömürlərini bu sahəyə bağlayan neftçilərin dayağı rolunda çıxış edərdi. Təbii proses olaraq bu halda da, Mərkəzi Neftçilər Xəstəxanası tərəzinin ağır gözünə dəstək verərdi.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB