“Aşkarlıq” qəzetinin 20 illiyi qeyd olunub

FOTOLAR
“Aşkarlıq” qəzetinin 20 illiyi qeyd olunub

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Lənkəranda nəşr olunan "Aşkarlıq" qəzetinin 20 illik yubileyi qeyd olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, "Palıdlı sahil" istirahət Mərkəzində keçirilən tədbirdə çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli qəzetin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik edib. Millət vəkili çıxışında bildirib ki, "Aşkarlıq" qəzeti fəaliyyəti dövründə dövlətçiliyimizin, milli ideologiyamızın keşiyində dayanaraq cəmiyyətin, çoxsaylı oxucuların tribunasına, Lənkəranaın 20 illik tarixi səlnaməsinə çevrilib. Yubiley mərasimində çıxış edən "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov, rayon ağsaqqallar şurası sədrinin müavini Sərhad Məmmədov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və başqaları "Aşkarlıq" qəzetinin cənub bölgəsinin ictimai-siyasi və mədəni həyatında fəal rol oynadığını bildiriblər.45 ildən çox peşəkar jurnalistika sahəsində çalışan, fəaliyyətinin 25 ilini qəzet redaktorluğuna həsr edən Etibar Əhədov təsisçi və baş redaktoru olduğu "Aşkarlıq" qəzetinin fəaliyyəti haqqında danışıb. Bildirib ki, qəzet əsasən abunə yolu ilə ayda iki dəfə, 8 səhifə həcmində 1000 tirajla buraxılır.

Yubiley tədbirində "Palıdlı sahil" istirahət mərkəzinin rəhbərliyi tərəfindən "Aşkarlıq" qəzetinin baş redaktoruna xatirə hədiyyəsi və pul mükafatı verilib. Mərasim bədii hissə ilə davam etdirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə