Fransanın Azərbaycandakı səfiri Lənkəranda olub

FOTOLAR
Fransanın Azərbaycandakı səfiri Lənkəranda olub

İyulun 24-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Lənkərana gəlib. SİA-nın Cənub bürosunun məlumatına görə, səfir Paskal Mönye Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovla görüşüb. Ali qonağı salamlayan İlqar Dadaşov bildirib ki, bu, fransalı diplomatın Lənkərana ikinci səfəridir. Səfir ilk dəfə 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə Dünya çempionatı çərçivəsində Lənkəranda keçirilən Fransa-ABŞ qarşılaşmasını izləməyə gəlmişdir. Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan İlqar Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın rəsmi görüşlərindən, ikitərəfli əməkdaşlıqdan, bu yaxınlarda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Fransanın Kann şəhərində keçirilən festivalda iştirakından ətraflı danışıb, Bakıda keçirilən Birinci Avropa Oyunlarında Azərbaycanın 50 ölkə arasında ikinci yeri tutmasını yüksək qiymətləndirib, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığını xüsusi vurğulayıb.

İcra rəsmisi daha sonra qonağa Lənkəran rayonu, onun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında məlumat verib.

Səfir Paskal Mönye səmimi qəbula görə minnətdarlığını bildirib, Lənkərana səfərlərinin onda həmişə xoş təəssüratlar oyatdığını, Cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonunda olduğunu diqqətə çatdırıb. Ali qonaq indiyədək Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Fransua Olland arasında 6 dəfə görüşün keçirildiyini, Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, Azərbaycanın 12 şəhərinin Fransanın şəhərləri ilə qardaşlaşdığını qeyd edib. Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyən səfir Paskal Mönye Lənkəranın gözəl iqlimə, təbiətə, ətirli çaya malik olduğunu vurğulayıb, ikitərəfli əməkdaşlıq məsələlərinin zəruriliyindən, rayonun böyük turizm potensialından söz açıb.

Daha sonra görüşdə fransalı diplomata Lənkəran xalçası hədiyyə edilib. Görüş başa çatdıqdan sonra səfir Paskal Mönye Heydər Əliyev Xatirə Parkı ilə tanış olub, fransalı müəllimlərin bir qrupunun dincəldiyi yay məktəbinin bağlanışında iştirak edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə