Lənkəran gəncləri təkliflər veriblər

Lənkəran gəncləri təkliflər veriblər

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsi davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 5 günlük təlim sessiyası həyata keçirilib. Təlimlərdə Lənkəran şəhərinin fəal gəncləri iştirak ediblər.

Layihənin əsas məqsədi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır.

Layihə çərçivəsində Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən keçirilən teatr-əsaslı təlimlərdə Azərbaycan gəncliyinin prioritet məsələləri gənclərin müzakirə obyekti olub. 5 gün davam edən təlimlərdə gənclərə reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzular haqqında məlumat verilib. Təlimdə həyata keçirilən açıq müzakirələr və sual-cavab sessiyasında iştirakçılar sözügedən mövzular ilə bağlı öz fikirlərini səsləndirmək imkanı əldə ediblər. Təlim zamanı səsləndirilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.

Lənkəranlı gənclər təlim müddətində sosial şəbəkələrdə də fəal olublar. Bu müddət ərzində onlar 2015-ci ildən sonrakı inkişaf gündəliyində xüsusi mesajları ilə öz selfilərini çəkərək, sosial şəbəkələrdə paylaşıblar. Təlimin son günündə iştirakçılar bir sıra dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən teatr tamaşası vasitəsi ilə təlimlər zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan gənclərinin əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. 2014-ci ildə təşkilat Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə "Gənclərin səsi – Şərqi Avropada və Mərkəzi Asiyada bizim istədiyimiz gələcək" layihəsini həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə