Türkan Nadirqızı: "Ciddi problemlərin həllinə müsbət təsir edəcək"

Türkan Nadirqızı: "Ciddi problemlərin həllinə müsbət təsir edəcək"

"Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun və "İrəli" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Həyəcan siqnalı" layihəsinin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir". Bunu SİA-ya layihə rəhbəri, "İrəli" İB-nin mətbuat xidmətinin rəhbəri Türkan Nadirqızı deyib.

Onun sözlərinə görə, son illər güc strukturları tərəfindən KİV üçün müxtəlif mətbuat konfranslarının keçirilməsinə baxmayaraq, güc strukturları hələ də "diktə edən tərəf" olaraq qalır: "Son 3-4 il ərzində hərbi sahədə yazan jurnalistlərin sayı diqqətçəkən dərəcədə azalıb. Əgər 2000-ci illərin əvvəllərində ölkədə fəal şəkildə müdafiə və təhlükəsizlik sektoruna istinad edən, bu sahənin problemlərini öz qələmləri ilə işıqlandıran KİV əməkdaşlarının sayı 10-dan yuxarı idisə, bu gün bu sahə ilə məşğul olanların sayı azalıb. Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinin mövcud vəziyyətinin öyrənilməsi və tədqiq olunması işində kütləvi və elektron informasiya vasitələrinin rolu çox əhəmiyyətlidir. Müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanın operativ şəkildə çatdırmaqla yanaşı ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. Qeyd edim ki, reportyor ən çətin zamanda, eləcə də ən qaynar nöqtələrdən xəbər vermə və reportaj hazırlamaqla yanaşı, təhlükəsizlik qaydalarına da ciddi şəkildə riayət etməli, öz həyatını xüsusən də operator heyətinin həyatını qorumalıdır".

T.Nadirqızı bildirib ki, Azərbaycanın hal-hazırda müharibə şəraitində olduğunu nəzərə alaraq, KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar: "Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir".

O, əlavə edib ki, ötən il avqustun əvvəlində baş verən hərbi gərginlik zamanı medianın davranışı, eləcə də rəsmi qurumların buna reaksiyası hələ də müzakirə mövzusudur: "Orduda, cəbhə bölgəsində baş verənlərlə bağlı informasiya siyasətinin olmaması media nümayəndələrini də çətin vəziyyətə saldı. Həyata keçiriləcək layihə yuxarıda sadalanan problemlərin həllinə yönəldilmiş və hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ciddi bir töhfə olacaq və burada əksini tapan təlimlərin öyrənilməsi hərbi məlumatların əldə edilməsi istiqamətində ortaya çıxan ciddi problemlərin həllinə müsbət təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə