Qəbələ gəncləri hərbi xidmətə yola düşüblər

Qəbələ gəncləri hərbi xidmətə yola düşüblər

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən, Qəbələ rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi təşkil olunub. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, valideynlər, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik-leytenant Niyaz Məmmədov çıxış edərək gəncləri həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, onlara nümunəvi hərbi xidmət keçməyi arzulayıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova isə Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında milli ordumuzun müstəsna rolundan danışıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çağırışçı gəncin valideyni Əhməd Qəndiyev, rayon ağsaqqalar şurasının nümayəndəsi Şirin Şirinov, Qəbələ məsçidinin imamı Hacı Ceyhun Rüstəmov çıxış edərək müqəddəs Ramazan bayramı münasibətilə çağırışçı gəncləri təbrik edib, onlara Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qorumağı, hərbi biliklərə yaxşı yiyələnməyi, intizamlı olmağı tövsiyə ediblər.

Mərasimdə hərbi çağırışçılara hədiyyələr verilib. Çağırışçı gənclər Azərbaycan bayrağını öpərək müqəddəs "Qurani-Kərim"in altından keçiblər və musiqi sədaları altında hərbi xidmətə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə