Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Bildirilib ki, görüşün əsas müzakirə obyekti Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramıdır.
M. Mard qeyd edib ki, Aİ 2012-2015-ci illərdə Azərbaycan Hökumətinin bir sıra tədbirlərini dəstəkləyib. O, həmçinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramının uğurla başa çatdığını deyib. Aİ ölkələrinin Azərbaycandan qida məhsullarının ixracında maraqlı olduqlarını bildirən səfir bir il yarım müddətində aqrar sahədə baş verən köklü dəyişikliklərin şahidi olduğunu da vurğulayıb.
Səfir ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
H. Əsədov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək sözügedən sahədə həyata keçirilən institusional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, fermerlərə güzəştli kreditlərin verilməsi, elektron hökumətin yaradılması, aqrar sahədə reallaşdırılan islahatlar barədə geniş məlumat verib.
Nazir eyni zamanda Aİ tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirərək, gələcəkdə də bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələrə həsr olunmuş video-çarxın nümayişi ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB