Əsgərlərə bayram sovqatı

Bu gün Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkcə Danışan Beynəlxalq Qəzetçilər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan Tovuz rayonundakı N hərbi hissədə əsgərlərlə görüşüblər.

Görüş Ramazan bayramı münasibətilə təşkil olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva əsgər və zabitləri Ramazan bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanın güclü ordusu var və qəhrəman əsgərlərimiz həmişə torpaqlarımızın azad edilməsi üçün döyüşə atılmağa hazırdırlar. Diqqətə çatdırılıb ki, işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcək və bayramlarımız Şuşada, Xankəndində qeyd olunacaq.

Türkiyəli qonaq Güngör Yavuzaslan bildirib ki, qardaş Türkiyə dövləti həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək. Türkiyə mətbuatı Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında həmişə yardımçı olub və bu kömək bundan sonra da göstəriləcək.

Sonra əsgərlərə bayram sovqatı paylanılıb.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə