Millət vəkili Tovuzda sakinlərlə görüşdü

Millət vəkili Tovuzda sakinlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüşüb, onların qayğı və problemlərini dinləyib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, millət vəkili söhbət zamanı son zamanlar rayonda artan ilanvurma hallarından danışıb və sakinləri çöldə, həyətyanı sahələrində işləyən zaman diqqətli olmağa çağırıb.

Millət vəkili bildirib ki, yay fəsli olduğundan əkinlə məşğul olan kənd sakinləri çox diqqətli olmalıdırlar. Çünku son 1-2 ay ərzində artıq sadəcə Tovuzda bir neçə dəfə sakinləri ilanvurması nəticəsində xəstəxanaya yerləşdirilib və bəzilərini xilas edə bilmək üçün təcili Bakı şəhərində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikoloji şöbəsinə köçürülüb. Çöldə işləyən bütün sakinləri diqqətli olmağa çağıran millət vəkili belə hal baş verdikdə isə həmin şəxsin təcili, vaxt itirmədən rayon mərkəzi xəstəxanasına çatdırılmasının vacibliyi bildirilib. Rayon baş həkimi ilə hər dəfə ilanvuran xəstələrlə bağlı söhbətində onun xəstəxanada lazımi zərdabların olması ilə bağlı fikirlərini söyləyən millət vəkili ilanvurma hallarında gecikməyə yol vermək olmaz deyib.

Ayrı-ayrı kəndlərdə ilan vuran 3 nəfər kənd sakininin, cavan xanımların yaxın günlərdə həkimlərimiz tərəfindən xilas edildiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqlarını özləri ilə əkin sahələrinə aparan ailələri xüsusi diqqətli olmağa çağırıb. Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib, onların qarşıdan gələn Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Seçicilər millət vəkili ilə görüşdə daha çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabdeh qurumla danışaraq dəstək göstərmələrini xahiş edib. Millət vəkili görüş zamanı ona müraciət edən bir sıra xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Q.Paşayeva bütün sakinləri bədbəxt hadisələrə qarşı evlərini sığortalatmağa da çağırıb.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə