Nazir: "İxtisaslı mütəxəssislərin əmək bazarına cəlb edilməsi üçün təkliflər hazırlanıb"
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. 2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: "Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur".
Ölkəmizin əmək bazarının xaricilər üçün cəlbedici olaraq qaldığını vurğulayan S.Müslümov cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olduğunu da qeyd edib: "Bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Təəssüf ki, bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub".
Nazir Azərbaycan Prezidentinin 2014-cü il 24 dekabr tarixli Fərmanına uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlandığını da diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB