37 qəzada 13 uşaq dünyasını dəyişib

37 qəzada 13 uşaq dünyasını dəyişib

Cari ilin 6 ayı ərzində paytaxtda azyaşlılarla bağlı baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Belə ki, son 6 ay ərzində 37 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 13 uşaq dünyasını dəyişib, 31 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. SİA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, azyaşlılarla bağlı baş vermiş 9 hadisədə 5 məktəbəqədər yaşlı uşaq həlak olub, 6 məktəbəqədər yaşlı uşaq isə yaralanıb. Vaqif Əsədov həmçinin qeyd edib ki, məktəblilərin iştirakı ilə baş vermiş 28 yol qəzası zamanı 8 şagird həlak olub, 25 nəfər isə müxtəlif xəsarətlər alıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı stabil qalsa da, həlak olanların sayı 4 nəfər, yaralananların sayı isə 2 nəfər artması deməkdir. Onun fikrincə azyaşlılarla əlaqədar qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, bu "həyəcan siqnalı"nın verilməsi deməkdir.

Qeyd edək ki, 2015-ci ilin ilk yarısı ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə