Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ciddi siqnal

Meşə Fonduna aid torpaqlarda qanunsuz tikililər ləğv edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ciddi siqnal

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən meşə fondu topraqlarının ayrı-ayrı vətəndaşlar, eləcə də yerli özünüidarə qurumları tərəfindən zəbt edilməsi və orada qanunsuz tikintilərin aparılmasına qarşı tədbirlər davam etdirilir. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, növbəti belə proses Qubanın Qəçrəş meşəsində baş tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə, Qəçrəş meşəsində vətəndaş Faiq Mirzəliyev 2,7 hektar sahəni qanunsuz zəbt edərək orada 6 ədəd kotej tikib. O, həmçinin sənədləri də saxtalaşdıraraq, ərazini bələdiyyə mülkiyyəti kimi göstərib.

Sadiq Salmanov müxbirimizlə söhbətində həmçinin bildirib ki, hazırda respublikamızın ərazisində 4000 hektara yaxın ərazi vətəndaşlar tərəfindən qanunsuz şəkildə zəbt edilib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti qurumlarla birgə qanunsuz zəbtolunmalara qarşı mübarizəsini genişləndirib. Meşə Fonduna aid olan torpaqları zəbt edən şəxslərə və qurumlara qarşı ciddi tədbirlər görülür və bundan sonra da görüləcək".

Qəçrəş meşələrinə qənim kəsilənlərə gəlincə, sektor müdiri bildirib ki, dəfələrlə Qəçrəş bələdiyyəsinin sədrinə meşə fonduna aid torpaqların mənimsənilməsi və orada qanunsuz tikililərin aparılmasına son qoyulması ilə bağlı xəbərdarlıq edilsə də, o, bu əməllərini hələ də davam etdirir".

Qeyd edək ki, son iki ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə fondu torpaqlarının qanunsuz zəbt olunması və həmin ərazilərdə tikinti işlərinin aparılmasına qarşı çox ciddi mübarizə aparılır. Meşə massivlərində tikilən 60-dan çox obyekt artıq sökülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bu yaxınlarda Zığ-Hava Limanı beton yolunun ətrafında salınmış meşə zolağının bir hissəsini zəbt edərək orada tikinti işləri aparmaq istəyən sahibkara qarşı ETSN-yi tərəfindən göstərilən sərt reaksiya bütün ölkədə geniş rezonans doğurdu. Hər kəs Nazirliyin bu addımını təqdir etdi. Meşə zolağını zəbt edən sahibkara qarşı cinayət işinin açılmasını tələb etdilər. Bu, ETSN-nin meşələrin qorunması, yeni meşə zolaqlarının salınması sahəsində gördüyü işlədin çoz cüzi bir hissəsidir. Güman edirik ki, Qəçrəş bələdiyyəsinin qanunsuz əməllərinə də tezliklə son qoyulacaq, bəşəriyyətin "ağ çiyəri"nı qarşı uzanan əllər kəsiləcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə