Millət vəkili: "AZAL-ın qiymət siyasəti düzgün deyil" AÇIQLAMA- FOTOLAR

Millət vəkili: "AZAL-ın qiymət siyasəti düzgün deyil" AÇIQLAMA- FOTOLAR

"Son günlər vətəndaşların Azərbaycan Hava Yollarındakı (AZAL) qiymətlərin baha olması ilə bağlı şikayətlər edirlər". Bu barədə SİA-ya "SİATRAVEL"in əməkdaşı Nuriyə Rəhimli məlumat verib.

O, bildirib ki, insanlar səyahət etmək istədiyi ölkəyə başqa ölkədən uçuş etməsi daha sərfəlidir: "Hazırda bir nəfərin İstanbula gedib-qayıtmağı 400 manata başa gəlir. Ancaq Antalyaya uçmaq üçün sərnişin 700-800 manatından keçməlidir. Bu da insanların haqlı narazılığına səbəb olur. Ona görə də vətəndaşlarımız Gürcüstanla getməyə üstünlük verirlər. Əgər iki nəfərin bir həftəlik Gürcüstanla Türkiyəyə gedib-qayıtmağı 1500 manata başa gəlirsə, bu rəqəm Bakıdan birbaşa uçanda 2500 manata qədər artıq".

Millət vəkili Elmira Axundova isə Nazirlər Kabinetinin iclasında Prezidentin irad bildirdiyi digər məsələyə münasibət bildirib: "Qubada istənilən oteldəki bir günlük qiymət 30-40 manatdır. Bu da bir həftəyə 210-280 manata çatır. Qəbul edək ki, istirahətə getmək istəyənlər ailə üzvləri ilə birlikdə gedir. Bu da ona 1000 manatdan baha başa gəlir. Bu qiymətə də hər kəsin imkanı çatmır. Bəzi otellərimizdəki qiymətlər Türkiyə və digər ölkələrdəki istirahət mərkəzlərinə baxanda olduqca bahadır. Onu da qəbul edək ki, ifrastruktur bizdə bir o qədər də inkişaf etməyib, turist axını o qədər də çox deyil. Ona görə də turizm məkanları onlara müraciət edənlərdən pulu elə alır ki, digərlərinin də əvəzi çıxır. Əslində turizm şirkətləri fikirləşməlidirlər ki, onlar yaxşı mənada nə yeniliklər etsinlər ki, turist cəlb etsinlər. Qəbul edək ki, bu gün Şahdağ Qış-Yay Turizm Kompleksi bahadır. Ancaq buna baxmayaraq sözügedən istirahət mərkəzində qışda yer olmur. Çünki o yeganə istirahət mərkəzidir ki, qışda ora müraciət edənlərin sayı çoxdur. Otellərə nəzarət ciddi olmalıdır. AZAL-dakı qiymətlərdən bir o qədər də xəbərim yoxdur. Ancaq sözügedən şirkətə çox böyük hörmətim var. Düşünürəm ki, AZAL dünyanın ən rahat və təhlükəsiz xidmətlərindən biridir. Mən və ailəm xaricə gedərkən əsasən AZAL-a üstünlük veririk. Ancaq bəzi istiqamətlərə qiymətlər bahadır. Hesab edirəm ki, adi insanların da büdcəsini nəzərə alıb qiymətləri tənzimləməlidirlər. Əgər bir insanın aylıq gəliri 400-500 manatdırsa o, bir biletə 600-700 manat necə versin? Hər kəsin istirahət etmək haqqı var. Əgər hər hansı avia şirkət biletləri 200-300 manata satırsa bu zaman AZAL 600 manata bilet verirsə bu düzgün siyasət deyil. Çünki bizim insanlar o qədər də varlı deyillər. Hesab edirəm ki, insanlar yay aylarında daha çox istirahətə üz tutduqları üçün AZAL və digər avia şirkətlər qiymətlərə güzəştlər etməlidirlər.

Cənab Prezident də qiymətlərin baha olduğunu diqqətə çatdırıb. Çox sevinirəm ki, prezidentimiz ölkəmizdə baş verən bütün hadisələrə həssas yanaşır. Prezidentimiz bir daha sübut edir ki, o hər kəsin prezidentidir. Ancaq mən istərdim ki, turizm şirkətlərimiz, otellərimiz, avia şirkətlərimiz irad tutulmamışdan öncə baş verən nöqsanların qarşısını alsınlar. Təəssüf ki, biz gözləyirik ki, göstəriş verilsin, sonra qüsurlarımızı düzəldək".

Bütün xəbərlər Facebook səhifəmizdə