Təcridxanaya başçəkmə həyata keçirilib

Təcridxanaya başçəkmə həyata keçirilib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 40-dan çox saxlanılan şəxs fərdi qaydada dinlənilib. Habelə 22 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, onlarla söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib. Onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib. Hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə İstintaq Təcridxanasının yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib. Havaların isti keçməsi ilə əlaqədar havalandırma sisteminin çalışdığı müşahidə edilib. Qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən İstintaq Təcridxanalarının daxili intizam qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə