Ekspert:“Bütün ölkələrdə istirahət 50 şərti vahiddən başlayır" AÇIQLAMA

Ekspert:“Bütün ölkələrdə istirahət 50 şərti vahiddən başlayır" AÇIQLAMA

"Artıq yay turizm mövsümü başlayıb. İlk Avropa Oyunlarından sonrakı etapda, yəni iyulun birinci həftəsindən etibarən turizmdə canlanma müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında "Millenium Turizm Konqres DMC" şirkətinin rəhbəri, ekspert Ruslan Quliyev məlumat verib.

O bildirib ki, istər Avropa turlarında, istərsə də müalicə məqsədilə səfərlərdə artım müşahidə olunub: "Azərbaycan daxilində bölgələrə üz tutanların sayı demək olar ki, artan xətlə inkişaf edir. Qiymətlərə gəldikdə isə Türkiyədə olan üçulduzlu otelin yeddigünlük qiyməti ilə Bakıda fəaliyyət göstərən ən bahalı otellərin qiyməti müqayisə olunur. Əslində bu düzgün müqayisə deyil. Bütün ölkələrdə demək olar ki, normal istirahət hardasa 50 şərti vahiddən yəni 50 dollar və ya 50 avrodan başlayır. Burada hansısa xidmətdən, üç dəfə qidalanma, əlavə xidmətlərin daxil olması bu gün vacib məsələdir. Azərbaycandakı qiymətə Türkiyə mehmanxanalarında 10 günlük paketlə istirahət etmək olar. Bizdə də son zamanlar Nabran, Qəbələ istiqamətində olan turlarda nəinki qidalanma və yaşayış, eyni zamanda infrastrukturdan istifadə də daxil olub. Onu da deyim ki, Gürcüstana axın edənlərin sayı ildən-ilə çoxalır. Ancaq demək olar ki, bütün ölkələrdəki beşulduzlu və dördulduzlu otellərdə qiymətlər eynidir. Türkiyə və Gürcüstana edilən kütləvi səfərlər zamanı 30-35 dollardan başlayan qiymətlər görürük. Servis səviyyəsinə gəldikdə isə demək olar ki, Bakıdakı ən məşhur, eyni zamanda Qəbələ, Qusar və Cənub rayonlarımızdakı otel xidmətləri onlardan heç də geri qalmır. Düşünürəm ki, bu gün Azərbaycanda müəyyən qədər turizm sahəsində islahatların aparılmasına ehtiyac var. Çünki insanlar qiymətlərin baha olmasından şikayət edirlər. Qiymətlərin baha olması da zamanla düzələn məsələdir. 10 il bundan öncə ilə müqayisə edilsə, görərik ki, regionlarımızda bir neçə normal səviyyədə mehmanxana var və onlarla rəqabət ediləcək heç bir istirahət mərkəzləri yoxdur. Artıq bu gün müxtəlif və ya eyni kateqoriyalı otellər qiymətlərini normal rəqabət şəraitində aşağı salmağa məcburdurlar. Çünki qonşu otel əgər çox çeşid xidmət təklif edirsə və qiyməti də digərindən aşağıdırsa, məcburən baha xidmət göstərən mehmanxana keyfiyyətini artırmağa çalışacaq".

Ekspert bildirib ki, ölkədə fəaliyyət göstərən üçulduzlu mehmanxanalarda səhər yeməyi bazasında iki nəfərlik otaqda bir nəfərin qiyməti 25 manat və 50 manatdan başlayır: "Təbii ki, ulduzların sayı artdıqca bu qiymətlərə də öz təsirini göstərir. Belə ki, 50, 60, 100, 120 manat və daha çox qiymətlər olur. Əslində qiymətləri biz o meyyarlarla götürmürük. Bizim bölgələrimizdə hazırda bir nəfər üçün 30 manatdan başlayan qiymətə 3 dəfə yemək daxil olmaqla xidmət göstərən mehmanxanalar var. Ancaq istirahət o demək deyil ki, hər kəs gedib beşulduzlu otellərdə dincəlməlidir. Bu gün tam səviyyəli üçulduzlu otel, natamam dördulduzlu mehmanxanadan daha yaxşıdır. Şəhər və bölgələrimizdə iki nəfərlik nömrə 50 manata səhər yeməyi bazasından infrastrukturdan istifadə daxil olmaqla mehmanxanalar mövcuddur. Burada əsas məsələ minimal paketlərin hazırlanmasıdır. Onu da deyim ki, qiymətlər müvafiq olub-olmasa da xidmət səviyyəsini hələ də istədiyimiz kimi regionlardan ala bilməmişik. Xüsusilə diqqətinizə çatdırım ki, bu gün "Turizmin inkişafına dair Dövlət proqramı"na əsasən bəlli bir fikirlər, bəndlər mövcuddur. Azərbaycanda xarici turizm təcrübəsi öyrənilməlidir. Belə ki, dəstək siyasəti həyata keçirilməlidir. Ölkənin turizmini xarici ölkələrdə tətbiq eləyən turizm təşkilatlarına bəlli bir dəstək verilməlidir. Uzunmüddətli, aşağı faiz dərəcəli ilə müvafiq banklar olmalıdır ki, onlara kreditlər ayrılsın. Əlavə dəyər vergisi ləğv olunmalıdır. Ölkə turizm təşkilatlarına avia daşınmalara bəlli güzəştlər olmalıdır. Düşünürəm ki, bunların hər biri zaman-zaman olacaq və 5-10 il bundan əvvəl ilə müqayisədə, istər xidmət, istər mehmanxanaların səviyyəsi, istərsə də peşəkar kadrların çalışması baxımından ölkə turizmində inkişaf görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə