Ahıl Jurnalistlər Məclisi kitab təqdim etdi TƏDBİR-FOTOLAR

Ahıl Jurnalistlər Məclisi kitab təqdim etdi TƏDBİR-FOTOLAR

Bu gün Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin birgə təşkilatçılığı ilə mətbuatın 140 illiyi ilə əlaqədar "Siz unudulmamısınız" adlı kitabın təqdimatı keçirilib. SİA-nın xəbərinə görə tədbirdə MŞ-nın sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və ahıl jurnalistlər iştirak ediblər.

Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ahıl jurnalistlərə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, mətbuatımızın inkişafında yaşlı jurnalistlərimizin danılmaz rolu olub: "Bu baxımdan da hesab edirik ki, biz onları daim diqqət mərkəzində saxlamalı, onları unudulmağa qoymamalıyıq. Bu insanları mütəmadi olaraq keçirilən tədbirlərə dəvət etməklə ictimaiyyətə yaxınlaşdırmaq da əsas məramımızdır. Sayı təxminən 300-ə çatan bu qələm sahiblərinin əksəriyyəti yorulmadan, usanmadan bizimlə birgə tədbirlərdə fəal iştirak edir, öz fikirlərini cəmiyyətə çatdırırlar. Bu da jurnalistikamızı təmsil edən nəsillər arasında körpü yaradır, yaxşı ənənələrin daha da inkişaf etməsinə təkan verir".

Daha sonra kitabın nəşri haqqında geniş məlumat verən Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov qeyd edib ki, biz bu kitabı mətbuatımızın 140 illiyinə, ahıl jurnalistlərimizə hədiyyə edirik: "Bu kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin media nüamyəndələri ilə 2013-cü ildə keçirdiyi növbəti görüşündən, həmin mərasimdə jurnalistlərin qaldırdıqları məsələlərin az müddət ərzində öz həllini tapmasından, o cümlədən də ahıl jurnalistlərə diqqət və qayğının daha da artırılmasından bəhs edilir. Topluda korifey jurnalistlərimiz haqqında xatirə oçekləri, habelə 5 yaşını tamamlayan AJM-nin fəaliyyəti və üzvləri haqqında bioqrafik məlumatlar da öz əksini tapır". Y. Kərimov həmçinin ahıl jurnalistlərə dövlət dəstəyinin göstərilməsinin jurnalistikamızın inkişafına çox təsiri olacağını da vurğulayıb.

Kitab haqqında öz fikirlərini bölüşən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, biz daim məclisin uğurlu işinə öz maddi və mənəvi dəstəyimizi göstəririk və bundan sonra da davam etdirəcəyik: "Bu insanlar mətbuatımızın canlı əfasənələridir. Gənc jurnalist nəslinin formalaşmasında sizlərin gərgin əməyiniz və zəhmətinizin böyük rolu var".

Son olaraq ahıl jurnalistlər onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə edərək, kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə