"Azəriqaz" İstehsalat Birliyi tərəfindən Qusar rayonunun Əcəxuroba kəndinin qazlaşdırılması başa çatdırılaraq 63 abonentə ilk dəfə "mavi yanacağ"ın verilməsinə başlanılıb. Bu münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, mərasimdə bildirilib ki, Əcəxuroba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2 min 600 metr polietilen, eləcə də 5 min 600 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 31-ə çatıb. Hazırda rayonda əhalinin 57 % "mavi yanacaq"dan istifadə edir. Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun Yuxarı Zeyxur, Kuxuroba, Ləcət və Suduroba kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB