Lerik mağaraları tədqiqatçılarını gözləyir

FOTOLAR
Lerik mağaraları tədqiqatçılarını gözləyir

Lerik rayonu qədim yaşayış məskənlərindən biridir. Rayonunun təbii coğrafi şəraiti, burada ibtidai insanların məskunlaşması üçün əlverişli mağaraların mövcudluğu, ərazidə paleolit abidələrinin geniş yayılması bunu deməyə əsas verir. SİA-nın Cənub bürosunun məlumatına görə, vaxtilə burada aparılan arxeoloji qazıntılar, rayon ərazisində 120-180 min il bundan əvvəl qədim insanların məskunlaşdığını üzə çıxarıb. Tədqiqatçı müəllim Əliheydər Əliyev bildirib ki, rayondakı Zuvand çayının sol sahilində yerləşən dağ silsiləsində 200-ə qədər mağara mövcuddur. İndiyədək mağaralarda xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar eilib. Dağın yamacından tutmuş 1640 metr yüksəkliyə qədər uzanan bu mağaraları yerli əhali "koç", yəni "köç" adlandırır. Bu, həmin mağaralarda məskunlaşan qəbilə və ailələrin daim yerini dəyişməsi, köç edib başqa mağarada yerləşməsi ilə bağlıdır.İllərə, əsrlərə şahidlik edən mağaralarda tapılan maddi-mədəniyyət nümunələri həmin ərazilərin qədim insan məskənləri olduğuna əsas verir.Rayonda olan mağaraların çoxu insan adları ilə-Muti,Lələ,Həzi, Məmmədəli mağarası və s. bağlıdır. Burada mağaraların ölçüləri də müxtəlifdir. Bəzilərinin hündürlüyü 5-6 metrdən çox, uzunluğu isə 35 metrə qədərdir. Burada zaman-zaman müxtəlif tədqiqat işləri aparılsa da, mağaraların tam tədqiqi başa çatdırılmayıb.Bu məqsədlə özündə böyük sirlər gizlədən Zuvandçay sahillərində ətraflı arxeoloji tədqiqatların davam etdirilməsi vacibdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə