Gənclər üçün yeni layihə

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondunun tərəfdaşlığı çərçivəsində "Azərbaycan Gəncliyi daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsi həyata keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi gənclərin perspektivlərini üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır. Layihə zamanı gənclərin reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİV\QİÇS kimi mövzular üzrə məlumatlılığını artırılması, müxtəlif mədəni, etnik və sosial qruplardan olan gənclərin ehtiyaclarını və maraqlarını müəyyən etməklə bu istiqamətdə təkliflər paketinin hazırlaması nəzərdə tutulub.

Layihə Lənkəran, İsmayıllı və Ağdam rayonlarında, eləcə də Bakı şəhərində keçiriləcək müxtəlif tədbirlərdən ibarət olacaq. Qeyd olunan rayonlarda Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən iştirakçılarla Azərbaycan gənclərinə, xüsusilə bölgələrdəki gənclərə aid prioritet məsələlər müzakirə olunacaq, daha sonra onlarla fikir mübadiləsi aparılacaq və təkliflər səsləndiriləcək. Hər regionda 5 gün müddətində davam edəcək teatr-əsaslı təlimlər ərzində iştirakçılar 2015-ci ildən sonrakı inkişaf gündəliyində xüsusi mesajları ilə öz selfilərini çəkəcək və sosial şəbəkələrdə paylaşacaqlar.

Təlimlərdən sonra dövlət rəsmilərinin də daxil olduğu geniş auditoriya üçün iştirakçılar tərəfindən müzakirə olunan mövzularla bağlı simulyasiya xarakterli teatr tamaşaları nümayiş etdiriləcək. Daha sonra açıq müzakirələr və sual-cavab sessiyasında iştirakçılar sözügedən mövzular ilə bağlı öz fikirlərini səsləndirmək imkanı əldə edəcəklər.

Yüzə yaxın gənc və gənclər təşkilatları nümayəndələri, eləcə də dövlət nümayəndələrinin iştirakı ilə layihənin yekun konfransının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Konfrans zamanı regionlarda keçirilən təlimlərdə iştirakçıların verdiyi təkliflər səsləndiriləcək və bu təklifləri əhatə edən "Azərbaycan Gəncliyi daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" bəyannaməsi təqdim olunacaq. Sonda, bəyannamənin əsas müddəalarının sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə sənəd Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Xatırladaq ki, insan kapitalının və ölkə gənclərinin potensialının inkişafı, Azərbaycan gənclərinin səsinin beynəlxalq arenaya çatdırılmasının Azərbaycan Respublikasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq çərçivəsində kampaniyanın birinci mərhələsini 2014-ci ildə "Gənclərin Səsi – Şərqi Avropada və Mərkəzi Asiyada Bizim istədiyimiz gələcək" adı altında həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə