Qusar və ətraf rayonlardan olan 53 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Ayrılan maddi vəsait əsasən, çörək istehsalı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, kreditlər İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun Çiləgir kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub. Önçə işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qusar və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib. Bununla yanaşı, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb və sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qusar rayonunda ixtisaslaşdırılmış "Yaşıl market"in, intensiv bağçılıq, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı da keçirilib. Sahibkarlara kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 %-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, forum iştirakçılarına nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunan gündəlik istehsal gücü 16 ton olacaq çörək istehsalı zavodunda aparılan tikinti işlərinə də baxış keçirilib. Məlumat verilib ki, bu müəssisənin yaradılması üçün 994 min manat güzəştli kredit ayrılıb.
Xatırladaq ki, ümumilikdə, son illər 28 çörək zavodunun tikintisinə eləçə də müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 50,5 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 12-si Bakı şəhərində, 15-i isə regionlardadır. Türkiyə, Almaniya, Çexiya, Niderland və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş 26 çörək zavodu artıq istifadəyə verilib.Qeyd edək ki, bu zavodlar gündə 794,6 ton çörək istehsal etmək gücünə malikdir.
Emin Kərimov




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB