Qazaxda elektrik təchizatının yenilənməsinə başlanılıb

FOTOLAR
Qazaxda elektrik təchizatının yenilənməsinə başlanılıb

Qazaxda elektrik təchizatının yenilənməsi işlərinə başlanılıb. Elektrik təchizatının yenilənməsi ilkin olaraq rayonun cəbhə kəndi olan Xanlıqlardan başlanıb və digər cəbhə bölgələrində də davam etdiriləcək. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ölkə prezidenti İlham Əliyevin 10 fevral, 2015-ci il Sərəncamı ilə "Azərişiq" Səhmdar Cəmiyyəti yaradılıb və cəmiyyətin qarşısında bütün rayonlarda ötürücü xətlərin yenidən qurulması, əhaliyyə keyfiyətli elektrik enerjisinin verilməsinin təmin edilməsi ilə bağlı tələb qoyulub. Bu məqsədlə də hazırda cəbhə rayonu olan Qazaxda elektrik təchizatının yenilənməsi işlərinə başlanılıb. 1000-dən cox təsərrüfatı, 5000-dən cox əhalisi olan Xanlıqlar kəndinin elektrik dirəkləri demək olar ki, tam olaraq çürümüşdü. Çürümüş dirəklər isə elektrik naqillərini saxlamaq gücündə deyildi. Məcbur qalan aidiyyəti qurumlar naqili birbaşa dirəyə dolamaqla enerjini təmin edirdi ki, bu da insan həyatı üçün təhlükəli idi. Kiminin evinin damında, kiminin isə həyətində kustar üsulla ucaldılmış dirəklər böyük təhlükə mənbəyi idi. 80 yaşlı Rauf kişinin sözlərinə görə, dəfələrlə elektrik naqilləri qırılaraq həyətində onun bir addımlığına düşüb. Elektrik xətləri ilə bağlı vəziyyət nəzərə alınaraq hazırda kəndin küçələrində yeni dirək yerləri qazılaraq ardıcıl şəkildə dibləri betonlanır, daha sonra isə yeni dirəklərin üzərindən sib kabelləri çəkiləcək. Artıq bu gedişlə kəndin bir neçə küçəsində yeni dirəklərin quraşdırılması prosesi yekunlaşıb, yeni transfarmatorların quraşdırılması qalıb.

Qeyd edək ki, Qazaxda 22 ədəd transfarmatorun layihəsi hazır olub ki, onun da 10 ədədi artıq quraşdırılıb. Bununla yanaşı, həmçinin xeyli sayda köhnə istismarı başa çatmış sayğac da yenisi ilə əvəzlənib. Elektrik xəttlərinin yenilənməsi nəticəsində artıq Qazax rayonunda iki aydır ki, enerji pulunun yığım 100 % yerinə yetirilib.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə