Uzaq Nubiyada “Azərbaycan” qəbiləsi

Uzaq Nubiyada “Azərbaycan” qəbiləsi

Misirin cənubunda və Sudanın şimalında məskunlaşan Nubiya qəbilələrindən biri Azrbeycanab və ya Andrbicanab adlanır. Qəbilə mənsublarının fikrincə, onların əcdadları Azərbaycandan gəlib. Azrbeycanab sözündə "ab" sonluğunun Nubiya dili lüğətində "qəbilə" (Yusif Smbac, əl-Qamus ən-Nubi, səh. 113) və yaxud ərəb dilində isə "ata" mənasını verdiyini nəzərə alsaq, bunu "azərbaycanlı qəbiləsi" və yaxud "atası azərbaycanlı olanlar" kimi tərcümə etmək olar. Maraqlıdır ki, əcdadı azərbaycanlılar hesab edilən bu qəbilənin üzvləri Sudanda da məskunlaşıblar. "Sudanda qəbilələr və nəsəblər ensiklopediyası"nda bu qəbilənin adı Bəzrincab kimi verilib və Azərbaycana aid olduğu göstərilir.

AZƏRTAC-ın bu məsələni tədqiq edib üzə çıxarmış əməkdaşı Şıxəli Əliyevin fikrincə, azərbaycanlıların uzaq Nubiyada məskunlaşmalarının tarixi Osmanlı Sultanı Birinci Səlimin 1517-ci ildə Misiri fəth etməsi dövrünə təsadüf edir. Misir məmlüklərinin hakimiyyətinə son qoymuş Sultan Səlim Nubiya qəbilələrindən olan əl-Ğərbiyyəni əl-Cavabirə qəbilələrinin hücumundan qorumaq üçün birincinin xahişi ilə 1520-ci ildə Misirin cənubuna Həsən Ğuzinin (oğuz, türk Həsən) başçılığı ilə qoşun göndərir. Mənbələrin verdiyi məlumata görə, tərkibində azərbaycanlı, çərkəz, türkman, anadolulu, macar, bosniyalı əsgərlər olan bu qoşun (Əmcəd Siyam, "Nubiyanın tarixi və milli tərkibi haqqında fikirlər" kitabından) Nubiyanı ələ keçirir və Həsən Ğuzi Derr şəhərini inzibatı mərkəz seçir. Daha sonra Həsən Ğuzi əsgərlərini Mehs, Ğarbiyab, Skut, Divan, Tenqala, Tumas, Say adası və digər yerlərə hakim təyin edir. Qəbilələrin axını Sultan Səlimdən sonra da bir müddət davam edir. "Kaşıf" adlanan bu hakimlər və əraziləri qorumaq üçün yaradılmış qarnizonların (bunlar həm də "oğuz-türk qarnizonları" adlanırdı) əsgərləri yerli nubiyalı qadınlarla evləniblər. Artıq yeni nəsillər yerli nubiyalılardan dərilərinin rənginin açıqlığı və bədən quruluşu ilə fərqlənirdilər. Yeni qəbilələri onların əsasını qoyanların ilk vətəninin və ya mənsub olduqları xalqın adına uyğun olaraq Macarab (Macar), Azrbeycanab, Kurdiyab, Boşnaq və s. adlandırıblar.

Azrbeycanab qəbiləsi Misirin Əbu Simbel, Divan, Derr, İbrim kimi yaşayış yerlərində məskunlaşıb. Son illər baş vermiş demoqrafik proseslər nəticəsində bu qəbilə yaşayış yerlərini dəyişsə də mövcudluğunu davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə