Yolları abadlaşan Motlayataq FOTOLAR

Yolları abadlaşan Motlayataq FOTOLAR

Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ən böyük kəndi Motlayataqda 354 təsərrüfatda 1500 nəfər əhali yaşayır. Əhalinin məşğuliyyəti heyvandarlıq, əkinçilik və arıçılıqdır. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sıldırım dağların qoynunda yerləşən bu kəndə əhali ilə növbəti görüşə gəlib. Təbiətin qoynunda təşkil olunan görüşə nümayəndəliyin digər kəndlərinin sakinləri də qoşulub. Tədbirə yığışanların çöhrəsindəki sevinc, razılıq hissi ilk baxışdan hiss olunurdu. Bu da əbəs deyildi. Rayon mərkəzindən 35 km aralıda, çətin relyef şəraitinə malik bu yerlərin sakinləri avtomobil yolunun olmamasından daim əziyyət çəkiblər. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu ilin 13 aprel tarixində Taxtanakəran-Miki və Taxtanakəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar imzaladığı Sərəncam ən unudulmaz bir tarixi hadisə kimi yəqin ki, uzun müddət insanların yaddaşından silinməyəcək. Elə görüşə gələnlər də çıxışlarında dönə-dönə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər.

Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şıxməmməd Lələyevin qısa məlumatından sonra çıxış edən kənd sakini, "Tərəqqi" medallı müəllim Arif Əliyev ölkə rəhbərinin bu Sərəncamla bu dağlara təkcə yol yox, yeni həyat, böyük rahatlıq, xoşbəxtlik bəxş etdiyini qeyd edərək, bütün sakinlər adından cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Kənd sakinlərindən Zülqədər Lələyev, Güləli Məlikov və başqaları da çıxışlarında ölkə rəhbəri və onun tapşırıqlarını yüksək məsuliyyət və bacarıqla həyata keçirən İcra başçısına minnətdarlıqlarını bildirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin aprel ayında rayona tarixi səfərində Deqədi-Pəlikəş dağ yolunun açılışından sonra daha çətin, mürəkkəb relyefə malik olan Taxtanakəran-Miki və Taxtanakəran-Toradi yolunun asfaltlaşdırılması üçün vəsait ayırması barədə Sərəncamının doğrudan da rayonun sakinlərinin sosial problemlərinin həlli istiqamətdə çox mühüm, ürəkaçan bir hadisə olduğunu qeyd etdi.

Böyük inkişaf yolunda olan Azərbaycanın son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə təkcə şəhər və qəsəbələrin deyil ən ucqar dağ kəndlərinin də bəhrələndiyini qeyd edən İcra başçısı təkcə son 5 ildə rayonda salınan 100 km-dən çox asfalt yolun yarıdan çoxunun dağ kəndlərinin payına düşdüyünü bildirdi. Son iki ildə nümayəndəliyin ərazisində fəaliyyət göstərən 4 ümumtəhsil məktəbi – Asxanakəran, Motlayataq kənd tam orta, Amboba və Əzərüd kənd ibtidai məktəbləri üçün müasir tələblərə uyğun məktəb binalarının tikilərək yeni inventar və avadanlıqlarla təmin edilməsi ölkəmizin böyük iqtisadi gücünün təzahürüdür.

İcra başçısı qeyd etdi ki, yüksək keyfiyyətli asfalt yolların çəkilməsi ilə bu kəndlərin sakinlərinin rahat yaşayışının təməli qoyulur. Əhalinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi asanlaşır, yol xərclərinin azalması ilə sahibkar dükanlarında ərzağın və digər məhsulların qiymətlərində sərfəli dəyişikliklər olacaq ki, bu da əhalinin dolanışığına öz müsbət təsirini göstərəcək. Gözəl və saf təbiətə malik olan bu kəndlərdə turizmin inkişafı üçün real şəraitin yaranması da yolların abadlığı ilə bağlıdır. Ölkəmizin iqtisadi imkanları artdıqca bu cür ucqar dağ kəndlərinə təbii qazın verilməsi də həyata keçiriləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə