Məişət zorakılığına qarşı maarifləndirmə tədbirləri başa çatıb

Məişət zorakılığına qarşı maarifləndirmə tədbirləri başa çatıb

Hüquqi və Demokratik İslahatlar Mərkəzi (HDİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsini yekunlaşdırıb.

SİA-nın məlumatına görə, bununla əlaqədar baş tutan mətbuat konfransında çıxış edən layihənin rəhbəri İlham Əliyev məişət zorakılığının bu gün ölkədə və dünyada ən ciddi problemlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, ailələrdə qadınların həyat yoldaşları tərəfindən müxtəlif zorakılığa məruz qalmaları, uşaqların işgəncələrlə üzləşmələri və bu kimi digər problemlər zaman-zaman baş verib və bundan çıxış yolları da cəmiyyəti düşündürən əsas məsələlərdəndir: "Məlumdur ki, uşaqlar valideynlər, dayələr, tərbiyəçilər, hətta müəllimlər tərəfindən müxtəlif növ təzyiqlərə məruz qalırlar. Bəzi hallarda valideynlər tərbiyə ilə tənbehi səhv salaraq öz doğma övladlarına psixoloji travma yetirmiş olurlar. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur". Məişət zorakılığının ailələrin dağılmasına səbəb olduğunu, uşaqların tərbiyəsində ciddi fəsadlar yaratdığını vurğulayan layihə rəhbəri deyib ki, mövzu kifayət qədər aktualdır və maarifləndirmə tədbirlərinin davam etdirilməsinə ehtiyac var. HDİM sədri deyib ki, 3 ay ərzində layihə çərçivəsində Bakıda, Daşkəsən, Xaçmaz və Şirvan şəhərlərində dəyirmi masalar keçirilib, cəmiyyətin diqqəti məişət zorakılığa çəkilib. İlham Əliyev layihə çərçivəsində keçirilən tədbirlərin əhali tərəfindən böyük maraqla qarşılandığını deyib.

Məişət zorakılığının ailələrin dağılmasına səbəb olduğunu, uşaqların tərbiyəsində ciddi fəsadlar yaratdığını vurğulayan araşdırmaçı jurnalist Zümrüd Bayramova deyib ki, media, özəlliklə telekanallar bu problemi diqqətdə saxlamalı, sosial çarxlar vasitəsilə məişət zorakılığı qurbanları maarifləndirilməlidir. Z. Bayramova valideynləri erkən nikahdan qaçmağa çağırıb: "Qadınların zorakılığa məruz qalmasının əsas səbəbi erkən nikah və savadsızlıqdır. Valideynlər qız uşaqlarına təhsil verməyə çalışmalıdırlar".

İ.Əliyev deyib ki, keçirilən tədbirlərdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış tövsiyələr müvafiq dövlət qurumlarına göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə