Çimərliklərdə təhlükəsizlik tədbirləri

Çimərliklərdə təhlükəsizlik tədbirləri

Yayın istisi çoxunun yolunu çimərliklərdən salır. Ancaq çimərliklərdə təhlükəsizlik tədbirlərinə də riayət etmək vacibdir. İyunun 1-dən ölkə ərazisində çimərlik mövsümünə start verilib. Mövsüm başlayan kimi insanlar da sahil kənarına axışırlar. Xüsusən də axşam saatlarında Bakı çimərliklərində qələbəlik hökm sürür. Vətəndaşlar isti yay günlərini səmərəli keçirməyə çalışırlar. İnsanların təhlükəsizliyini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularında Xilasetmə Xidməti tərəfindən müəyyən tədbirlər görülüb.

Çimərlikdə dincələnlərin məsuliyyətli olması isə xilasedicilərin işini asanlaşdırır. Bunun yolu çox sadədir. Qadağan olunmayan yerdə suya baş vurub təhlükəsizlik xəttindən uzağa getməmək lazımdır. Mövsümün statistikası göstərir ki, icazəli çimərliklərdə heç bir ölüm halı qeydə alınmayıb.

FHN-nin Dövlət Sularında Xilasetmə Xidmətinin xilasediciləri həm dəniz sahilində, həm də suyun içərisində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saat 9-dan axşam 9-a kimi çimərliklərdə fəaliyyət göstərən məntəqələrdə gücləndirilmiş iş rejimində işləyirlər. Bundan başqa, turistlərin və yerli vətəndaşların maarifləndirilməsi üçün çimərlik ərazilərində müxtəlif lövhələr quraşdırılıb.

Ölkə üzrə nazirliyin strukturuna daxil olan 42 xilasetmə məntəqəsi, postu və axtarış qrupu fəaliyyət göstərir. Onlardan 24-ü Bakı və Abşeron yarımadasındadır. Digər 18 məntəqə respublikanın müxtəlif rayonlarında, su hövzələrinin kənarlarında fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə