"Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq".
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti
Birinci Avropa Oyunları gözlənildiyindən də yüksək səviyyədə keçdi. Oyunlara böyük tamaşaçı marağı vardı. 17 gün ərzində yarışları hər gün on minlərlə tamaşaçı izlədi. Oyunlar 145 ölkədə geniş işıqlandırıldı. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlandı. Bu, ilk dəfə belə bir mötəbər tədbiri keçirən dövlət üçün inanılmaz nəticədir. Xarici ölkələrə, bütün dünyaya yayım təmin edildi. Ümumiyyətlə, Oyunları 823 milyona yaxın tamaşaçı auditoriyası izləmişdir. Birinci Avropa Oyunlarına ölkəmizdə də hədsiz maraq yaşanırdı.
Həmsöhbətimiz Lənkəran rayonundakı "Yaşıl çay" FT MM-nin direktoru, "Yaşıl çay" jurnalının təsisçisi və baş redaktoru Araz Yağubovdur.
- Araz müəllim, "Bakı-2015" birinci Avropa Oyunları artıq tarixə çevrildi. Əyalətdə yaşayıb işləyən bir iş adamı kimi bu oyunlar haqda fikirlərinizi bilmək maraqlı olardı
- Həqiqətən bu oyunları həyacanla və böyük maraqla izlədik. Xüsusən də, idmançılarımızın möhtəşəm çıxışı, 50 ölkə arasında təkcə Rusiyadan sonra ikinci yeri tutması qəlbimizi qürur hissi ilə doldurdu. I Avropa Oyunları Azərbaycan haqqında düşmən qüvvələrinin formalaşdırdığı yanlış fikirləri alt-üst etdi. Bu oyunlar Azərbaycanının böyük mənada təbliği və qələbəsi idi. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə bildi. Avropa Oyunları Azərbaycanın tarixi zəfəridir. Mütəmadi olaraq bizi istəməyən qüvvələr tərəfindən Azərbaycan haqqında çox yanlış təsəvvürlər yayılır. Lakini elə ölkələr də var ki, həqiqətən də Azərbaycan haqqında dərin bilgiyə malik deyillər. Elə bilirlər ki, bura geridə qalmış hər hansı kiçik bir dövlətdir. Bizi özlərinin bir parçası da hesab etmirlər. Azərbaycan həqiqətlərini üzə çıxarmaqda, bizi olduğu kimi dünyaya tanıtmaqda bu Oyunların çox böyük əhəmiyyətli oldu. Bu Oyunlar dünya ölkələrinin Azərbaycanı tanıtması üçün yaxşı fürsət oldu.Ölkəmizin Avropada tanıdılmasında, ölkəmizə yeni İnvestisiyaların cəlb olunmasında, turizmin inkişafında , ümumiyyətlə idmanın inkişafına müsbət təsir etdi. Bir sözlə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsilə Azərbaycanın adı tarixə düşdü. Bu, ölkə rəhbərliyinin uzaqgörən, müdrik siyasətinin nəticəsində mümkün oldu. Bu möhtərəm Prezidentimizin idman sahəsində uzun müddətli, ardıcıl siyasətinin nəticəsində mümkün oldu.
- 17 gün davam edən bu möhtəbər idman bayramı sizə nə dərəcədə təsir etdi?
- Bunu sözlə təsəvvür etmək çətindir. Hər oyun günü hamımız üçün həyacan dolu bir bayram oldu. İlk Avropa Oyunları ilə bağlı əldə edilən nailiyyətlər ölkə rəhbərliyinin möhtəşəm zəhmətinin bariz nümunəsidir. Həmçinin bu işlərdə birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin böyük xidmətləri vardır. Ölkə rəhbərliyinin son 30 aydakı fəaliyyəti isə əsl qəhrəmanlıq nümunəsidir. Hər kəs bu Oyunların necə peşəkar səviyyədə təşkil olunduğunun şahidi oldu.
Təsəvvür edin ki, Olimpiya, Asiya və ya Amerika Oyunlarına ev sahibliyi etmək üçün ən azı 7 il vaxt lazım gəlir. Lakin ölkəmiz çox qısa zaman çərçivəsində böyük işin öhdəsindən gələ bildi. 17 günlük möhtəşəm idman bayramına nəzər saldıqda, aydın şəkildə görünür ki, doğma ölkəmiz böyük uğura imza atmışdır.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri danılmazdır. Onun yüksək peşəkarlığı, yorulmaz fəaliyyəti nəticəsində bu Oyunlar qüsursuz və möhtəşəm alındı. Oyunların açılış və bağlanış mərasimlərində milli mədəniyyətimizlə dünya mədəniyyətinin üzvi sintezi hamını heyran etdi.
Məhz Mehriban xanımın zəhmətinin dövlət başçımız İlham Əliyev tərəfindən Azərbaycanın ən ali mükafatı "Heydər Əliyev" ordeninə layiq görülməsi də sonda bu çəkilən zəhmətə verilən dəyərli qiymət oldu.
- İlk Avropa Oyularının iqtisadi səmərəsi də, yəqin ki, çox olacaq?
- Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsinin ölkəmizə uzunmüddətli iqtisadi əhəmiyyəti vardır. Ölkənin tanıdılması ilə yanaşı, İndi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclər ilə təşkil edilməsinə və Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaqdır. Bircə faktı qeyd etmək lazımdır ki, artıq ölkəmiz bir neçə möhtəşəm yarışa ev sahibliyi etməklə bağlı ilkin razılıq əldə edib. Azərbaycan "Formula 1", İslam Həmrəylik oyunları, Futbol üzrə Avropa çempionatın yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq ölkəmizdə yaradılmış infrastruktur bizə imkan verəcək ki, həmin yarışları daha yüksək səviyyədə təşkil edək. Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda turistlərin gəlməsi deməkdir. Deməli, bütövlükdə ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalanacaqdır.
Digər tərəfdən Oyunlar zamanı Bakıya gələn qonaqlar, eyni zamanda ölkəni izləyənlər gördülər ki, Azərbaycan dinindən, irqindən asılı olmayaraq hamıya hörmət göstərilən bir ölkədir. Burda istənilən dinin və irqin nümayəndəsinə, istənilən millətə hörmətlə yanaşılır, azərbaycanlıların birgə yaşayış ənənələri mövcuddur. Bu isə illərdir bizim haqda əks-təblğat aparan bədnam qonşularımıza tutarlı cavab oldu.
- İlk Avropa Oyunlarının idmanın inkişafında təsiri barədə nə deyə bilərsiniz?
- Əminliklə qeyd edə bilərəm ki, idmanın 20 növü üzrə keçirilən birinci Avropa Oyunları barədə geniş məlumat əldə etdik. Tamaşaçılar meydançalarda və ya bizim kimi ekranlarda yarışları izləməklə oyunlar haqqında da geniş məlumat əldə etdilər. Ümid edirəm ki, bu, gənclərinizin idmana marağını daha da artıracaq. Artıq birinci Avropa Oyunlarının təsiri lə yetişən yeni idmançılar nəsli dünya arenalarında öz sözlərini deyəcəklər.
Bu Oyunların dünya idmanına verdiyi töhfələr də olduqca yüksəkdir. Birinci Avropa Oyunları dünyada geniş yayımlandı. İdman tarixində İlk Avropa Oyunları xüsusi yer tutdu. İlk dəfə tarixə yazıldı. Fəxrlə deməliyik ki, birinci yerdə doğma Azərbaycanımızın məğrur adı yazılıb.
- Birinci Avropa Oyunlarında qazanılan təcrübə, yaradılan infrastruktur Azərbaycana gələcəkdə nə kimi üstünlüklər vəd edir?
- Qısa müddət ərzində beş yeni idman arenası istifadəyə verildi. Bir daha qeyd etmək istərdim ki, birinci Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan gələcəkdə beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı imkanlara malikdir. Bu mötəbər beynəlxalq idman yarışlarının təşkili üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər, idman arenaları paytaxtımızın gələcəyi üçün zəngin mirasdır. Ən yeni texnologiyalarla təchiz edilən müasir gimnastika arenası tikilib. Su İdman Sarayı, BMX velosipedinin keçirilməsi üçün məkan dünya standartları səviyyəsindədir.
- Bu Oyunların keçirilməsi ölkəmizə turizmin inkişafına da müsbət təsir göstərəcəkmi?
- Əlbəttə. Bu müddətdə çoxlu sayda otellər tikilib və bura gələn turistlər ondan istifadə edəcəklər. Otellərin tikilməsi ilə eyni zamanda yeni iş yerləri yaranıb, əlavə işçilər işə götürülüb. Turizmi inkişaf etdirmək, turistləri cəlb etmək, onları cəlb etmək üçün I Avropa Oyunları əlavə şans oldu. Əlbəttə, tikilən komplekslər gələcəkdə turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. İş təkcə turizmlə bitmir. Bu, regionların da inkişafına, ölkə başçısı cənab İlham Əliyevin prioritet sahə elan etdiyi qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına öz bəhrəsini verəcəkdir.
Sonda bir daha bu möhtəşəm bayramı bizə yaşatdığına görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə, oyunların təşkliat komitəsinin sədri Mehriban xanım Əliyevaya öz adımdan, rəhbərlik etdiyim kollektiv adından, yaşadığım İstisu qəsəbə sakinləri adından dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, belə möhtəşəm bayramlar ölkəmizdə hələ çox olacaq, Azərbaycan dövlətinin adı azad, firavan, tolerant bir ölkə kimi hamıya nümunə kimi göstəriləcəkdir.
- Araz müəllim, müsahibəyə görə çox sağ olun!
- Siz də sağ olun.
Müsahibəni hazırladı: Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB