Mətbuatın 140 illiyi ilə bağlı Gəncədə konfrans keçirilir YENİLƏNİR FOTOLAR

Mətbuatın 140 illiyi ilə bağlı Gəncədə konfrans keçirilir YENİLƏNİR FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Gəncədə mətbuat nümayəndələrinin və şəhər ictimaiyyətinin iştirakı ilə regional konfrans keçirilir. SİA-nın xəbərinə görə, mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra Gəncə Mətbuat Evinin açılışı olub. Tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Gəncəçayın sağ sahilində yerləşən, 460 kvadratmetrlik ərazini əhatə edən bina informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunub. Burada sürətli internet şəbəkəsi yaradılıb ki, bu da kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumatları operativ ötürüb, operativ qəbul etməyə imkan verir. Bundan əlavə, Mətbuat Evində iş və istirahət otaqları, konfrans zalı da fəaliyyət göstərəcək.

Daha sonra Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat nümayəndələrini əlamətdar gün münasibətilə təbrik edib, bu istiqamətdə Gəncədə həyata keçirlən tədbirlərdən danışıb, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb: "Ölkəmizin hər bir regionunda olduğu kimi Gəncə şəhərində də mətbuatın rahat fəaliyyət göstərməsi üçün bütün imkanlardan istifadə olunur. Bu gün yeni Mətbuat Evinin istifadəyə verilməsi bir daha deyilənlərin bariz nümunəsidir. Demokratiya və azad söz tərəfdarı olan ölkəmizdə mətbuat işçiləri olduqca rahat şəkildə fəaliyyət göstərirlər. Gəncə şəhərində bir regional teıeviziya və onlarla qəzet fəaliyyət göstərir".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illərdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təməli Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyulan milli jurnalistikamızın 140 ildə keçdiyi yol barədə danışıb. O bildirib ki, bu bayram milli müstəqilliyimizin xalqımıza bəxş etdiyi ən böyük nemətdir. Şura sədri yubileyin belə geniş miqyasda keçirilməsinin yalnız Həsən bəyə, onun "Əkinçi"sinə, məsləkdaşlarına, davamçılarına verilən qiymət deyil, həm də mediamızın on illər boyu keçdiyi şərəfli yola baxış kimi dəyərləndirib.

Daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək mətbuata dövlət qayğısından danışıb.

Tədbirin davamında region qəzetlərinin baş redaktorları çıxış edərək region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə