Mavi yanacaqdan istifadə edənlərin sayı

Mavi yanacaqdan istifadə edənlərin sayı

Göygöl rayonunda kənd və qəsəbələrin qazlaşdırılması davam etdirilir. Hazırda işlər rayonun Yeni Qızılca kəndində aparılır. Plana əsasən, sözügedən kəndin sakinləri növbəti ildən etibarən ilk dəfə olaraq mavi yanacaqdan istifadə edəcək. Yeni Qızılca kəndinə qaz Bağbanlar paylayıcı stansiyasından veriləcək. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu məqsədlə 90 km uzunluğunda müxtəlif diametrli paylayıcı xətt çəkiləcək. Hazırda qaz xəttinin çəkilişi bir sıra küçələrdə aparılır. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bir neçə briqada yaradılıb. Gəncə Regional Qaz İstismar İdarəsindən verilən məlumata görə, kəndin mavi yanacaqla təchizatı birpilləli sistem üzrə reallaşacaq. Bunun üçün bütün mənzillərdə fərdi tənzimləyici və sayğac quraşdırılacaq.

Qeyd edək ki, 700-dən artıq abonenti olan Yeni Qızılca kəndində işlərə bir həftə əvvəl başlanılıb. İlin sonunadək işin başa çatdırılması nəzərdə tutulub. 5 küçədə artıq işlər başa çatdırılıb. Əhalinin təhlükəsiz olaraq qazdan istifadə etməsi üçün qaydalara tam əməl olunur. İlin sonunadək isə rayonun bəzi kənd və qəsəbələrində yeni salınan yaşayış massivlərinin qazlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, hazırda Göygöl rayonunda 1 şəhər, 6 qəsəbə və 23 kənd olmaqla 12740 abonent mavi yanacaqdan istifadə edir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə