Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən tam gün ərzində başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 60-dan çox məhkum fərdi qaydada dinlənilmiş, habelə 12 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.
Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Habelə CÇM-in mətbəx, ərzaq anbarı, yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, karantin, görüş və istirahət yerlərinə və digər obyektlərə baxışlar keçirilmiş, mövcud vəziyyət araşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB