Bölgələrdə Polis Günü FOTOLAR

Bölgələrdə Polis Günü FOTOLAR

Samuxda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Rəsmi hissədə çıxış edənlər polis əməkdaşlarını təbrik edərək, onların peşəkar əməyini yüksək qiymətləndiriblər. Samux rayon polis şöbəsinin rəisi Akif Nəbiyev 97 illik tarixi olan Azərbaycan polisinin keçdiyi şərəfli və çətin yol haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib, şəhidlik zirvəsinə ucalıblar: "Rayon polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib. Maddi-texniki baza daha da möhkəmlənib. Rayonda ictimai asayiş tam təmin olunub, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilib. Samuxda əvvəlki illərlə müqayisədə ağır cinayətlərin sayı azalıb".

Tədbirdə peşə bayramları günü münasibəti ilə veteran əməkdaşlardan və fəal polis işçilərindən bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub.

Göygöldə isə peşə bayramlarını qeyd edən polis əməkdaşlarını Rayon polis şöbəsinin rəisi Bahadur Şükürov Polis Günü münasibəti ilə təbrik edərək, Azərbaycan polisinin 97 illik tarixindən danışıb: "Tarixin heç bir dövründə polis əməkdaşlarına fəaliyyət göstərmələri üçün belə bir şərait yaradılmayıb. Ölkəmizdə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı aparılan peşəkar mübarizədə polis əməkdaşları vəzifə borclarını layiqincə yerinə yetirirlər".

Yığıncaqda Göygöl polisinin fəaliyyətinə də nəzər salınıb. Rayonda baş verən cinayət hadisələrinin böyük əksəriyyətinin açıldığı, cinayətkarların layiqli cəzalarını aldığı diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan polisinin rifahının yüksəldiyi bildirilib. Göygöl Rayon Polis Şöbəsinin müasir inzibati binası, yeni xidməti avtomobillər bariz nümunə kimi dəyərləndirilib.

Tədbirdə veteran əməkdaşlar və xidmətdə fərqlənən bir qrup polis işçiləri fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə