Fuad Əsgərov: "Qana ehtiyac var"

Fuad Əsgərov: "Qana ehtiyac var"

"Havalar istidir, müqəddəs aydayıq və insanlar qanverməyə gəlməyə tərəddüd edir. Amma qana ehtiyacımız var. Ehtiyaclı uşaqlar gözləyə bilməz. Onların həyatını riskə atmamalıyıq. Vətəndaşları övladlarımıza dəstək olmağa dəvət edirəm". SİA-nın məlumatına görə, bu sözləri Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov söyləyib. Bildirib ki, paytaxtda və regionda havaların şiddətli isti keçməsi, eyni zamanda müqəddəs Ramazan ayında yaşadığımızdan hazırda insanlar qanverməyə tərəddüdlə qatılır: "Düşünürəm ki, insanlar oruc olduğu üçün bu addımdan çəkinir. Onlar bilməlidir ki, əgər onların sağlamlığı buna imkan verirsə, qanvermə orucu pozmur. Biz unutmamalıyıq ki, ölkədə 1000 nəfərdən çox aylıq qana ehtiyacı olan talassemiyalı övladımız var. Hazırda ölkədə qana ciddi ehtiyac var. Mərkəzi Qan Bankı bütün gücünü səfərbər edib, amma biz onların işinə dəstək olmalıyıq. Mövzu övladlarımızın həyatıdır. Təşvişə ehtiyac yoxdur, qan qıtlığı müvəqqətidir və səbəb yay aylarıdır. Qan Donorları Assosiasiyası , Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası qana ehtiyacı olan övladlarımıza dəstək məqsədi ilə 4 iyul tarixində saat 19:00-dan 23:00 qədər Park Bulvarda təmənnasız və könüllü qanvermə aksiyası keçirəcək. Biz bütün paytaxt sakinlərini aksiyaya dəvət edirik. Övladlarımızı qoruyub həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə qanverməyə qatılmalıyıq. Bir sözlə müqəddəs ayda bundan gözəl addım ola bilməz. Aksiya bir neçə saat çəkəcək və iftardan sonrada insanlar rahat qatıla bilər. Mən vətəndaşlarıma güvənirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə