İstixanaların sahəsi 3 min hektara çatdırılacaq

FOTOLAR
İstixanaların sahəsi 3 min hektara çatdırılacaq

Şəmkirdə istixana təsərrüfatına maraq ilbəil artır. Buna səbəb fermərlərin bu istiqamət üzrə daha çox gəlir əldə etmələridir. Ötən illə müqayisədə məhsulun Rusiya bazarlarına maneəsiz çatdırılması və münasib qiymətə satılması təsərrüfat sahiblərinin üzünü güldürən amillərdəndir. SİA-nın verdiyi xəbərə görə, Şəmkir rayonunun Muxtariyyə kəndində elə bir təsərrüfat tapılmaz ki, orada istixana yaradılmasın. İstixanalarda yetişdirilən əsas məhsullar isə pomidor və xiyardır. Ötən mövsümdən fərqli olaraq bu il istixanalarda məhsuldarlıq ürəkaçandır. Fermerlərin sözlərinə görə, hər hektardan ən azı 5 ton məhsul yığılır. Məhsulun bolluğu qiymətlərə o qədər də təsir göstərməyib. Əksinə bazarlarda pomidor və xiyarın qiyməti günbəgün bahalaşmaqdadır. Təsərrüfat sahibləri bunu Rusiya bazarlarında ölkəmizin məhsullarına olan təlabatla əlaqələndirirlər. Alıcı kütləsinin artmasının səbəbi isə məhsul Rusiya bazarlarına çatdırılanadək yarana biləcək maneələrin aradan qaldırılmasıdır. İndi sahibkarlar pomidoru xarici bazara daha rahat şəkildə əlavə xərc və əziyyət çəkmədən çatdıra bilirlər.

Qeyd edək ki, Şəmkir rayonunda 1500 hektar sahədə istixana yaradılıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, gələn il istixanaların sahəsi 2 dəfə genişləndirilərək, 3 min hektara çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə