I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar olaraq bu gün Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün saat 16:00-dan 29 iyun gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Bağlanış mərasiminə bileti olan hər kəsə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatın xidmətlərindən istifadə etmələri tövsiyə edilir.
Qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ beton yolu, cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan şosesinə, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.
"Bakı-2015" ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" saat 02.00-dək fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB