Könüllülər azarkeş qrupları yaradıblar

Könüllülər azarkeş qrupları yaradıblar

"SABAH-ın könüllüsü" proqramı çərçivəsində Təhsil Nazirliyinin "SABAH" qruplarında təhsil alan tələbələrdən ibarət könüllülər "Bakı-2015" birinci Avropa Oyunlarında idmançılarımızın çıxışlarının canlı şahidi olmaq, bu möhtəşəm idman tədbirinə dəstəyini və həmrəyliyini nümayiş etdirmək məqsədilə azarkeş qrupları yaradıblar. Nazirlikdən bildiriblər ki, azarkeş qruplarında gənclər milli komandamızın çıxışlarını böyük maraqla izləyirlər.

"SABAH-ın könüllüsü" proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial fəallıqlarını artırmaq və eləcə də gənclərin idarəçilik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

"SABAH" qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda "SABAH" qrupları yeddi ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə