Salyan məktəbliləri Lənkəranda

Salyan məktəbliləri Lənkəranda

"Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi beş ildir ki, Salyan rayonunda fəaliyyət göstərir. Bu günlərdə "Ana Kür" ictimai birliyi "Yeniyetmə və gənclərin radikal meyillərdən və zərərli vərdişlərdən çəkindirilməsində asudə vaxtın səmərəli təşkilinə dəstək" layihəsini icrası ilə bağlı Lənkəranda olublar. SİA-nın Cənub brosunun məlumatına görə, layihə çərçivəsində Salyan rayonunun şəhər və kənd məktəblərində seminar və dəyirmi masalar keçirilməsi, zərərli vərdişlərə meyilli olan yeniyetmə və gənclərin respublikamızın paytaxtı Bakı şəhərinə və bölgələrə mədəni turlarının təşkilı nəzərdə tutulub. "Ana Kür" ictimai birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov müxbirimizlə söhbətində bildirib ki, layihənin icrasının birinci dövründə nəzərdə tutulan maarifləndirici işlər uğurla yekunlaşıb. Fəaliyyət planına uyğun olaraq ikinci dövrənin ilk tədbirinə Lənkəran şəhərinə 2 mədəni turun başlanması ilə start verilib.

Əvvəlcə Salyan rayonunda Heydər Əliyev parkının önünə toplaşan tur iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsi qarşısında ehtiramla baş əyiblər. Sonra 2 "Mersedes" tipli mikroavtobus şəhərin əsasən 4 və 7 saylı məktəblərinin yeniyetmə və gəncləri, məktəb direktorları, rayon təhsil şöbəsinin məsul işçiləri, rayonda uşaq təşkilatlarını təmsil edən QHT nümayəndələri, mətbuat işçiləri və ictimai birliyin üzvləri də qoşulmaqla Lənkəran şəhərinə istiqamət götürüblər.

Cənub bölgəsinə təşkil olunmuş səfər zamanı turda iştirak edən yeniyetmə və gənclərə layihə komandası tərəfindən bölgənin mövcud fauna və florası barədə məlumatlar verilib..

Tədbirin proqramına uyğun olaraq tur iştirakçıları 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyində olublar. 1969-cu ildən fəaliyyət göstərən muzeydə sərgilənən 2 mindən çox eksponatdan 300-dən çoxu Həzi Aslanovun şəxsi sənədləri və əşyalarıdır. Bu eksponatlar üzünü görmədikləri, lakin haqqında əfsanələşməkdə olan xatirələri müxtəlif kinofilmlərdən, bədii əsərlərdən öyrənən salyanlı məktəblilərdə Azərbaycanın Qəhrəman oğlu haqqında xoş təəssüratlar oyadıb. Ölkəmizdə 26 iyun Silahlı Qüvvələr günün geniş qeyd edildiyi vaxta təsadüf edən bu tədbir yeniyetmələrdə vətənpərvərlik hissinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Salyan 7 saylı məktəb liseyin 9-cu sinif şagirdi Xaldə Həsənova Həzi Aslanovun ev müzeyində iştirakcılar qarşısında dövlətçilik, vətənəprvərlik mövzusunda söylədiyi şeirlər alqışlarla qarşılanıb. Xatirə şəkilləri çəkilib.

Tədbir iştirakçıları həmin gün Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkında olub, burada qorunan təbiət abidələri barədə bilgilərini artırıblar. Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov bildirib ki, ümumi sahəsi 40 min hektardan çox olan Mili Parkın yaradılmasının əsas məqsədi bu ərazidə təbiətin kompleks şəkildə qorunması, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş flora və faunasının qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahətin təşkilidir.

Yeniyetmə və gənclər iki komandaya bölünərək Xanbulancay dəryaçasının, dəniz "Palıdlı sahil" sanatoriyasının ərazisini gəzib, dəniz suyunun ilıq ləpələri sahilində valeybol və futbol oynayıb, şahmat yarışı keciriblər.

Bir günlük tur nəticəsində yeniyetmə və gənclərin həm Lənkəranın tarixi keçmişi, onun qəhrəman oğulları, həm də bu günkü müasir həyatı, təbii gözəllikləri barədə məlumatları zənginləşib və onlar sağlam həyat tərzi sürmək, fəal işlə məşğul olmaq, zərərli vərdişlərdən çəkinmək üçün asudə vaxtın səmərəli təşkilinin rolunu yüksək qiymətləndiriblər.

Sonda layihə rəhbəri bildirib ki, belə turlar respublikamızın paytaxtı Bakı şəhərinə və digər istirahət yerlərinə də təşkil ediləcəkdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə