Heydər Əsədov yeni açılan çay fabrikində oldu FOTOLAR

Heydər Əsədov yeni açılan çay fabrikində oldu FOTOLAR

Cənub bölgəsinə səfər edən Kənd Təsərrüfatı naziri Heydər Əsədov "Astaraçay" MMC-nin yeni istifadəyə verilmiş çay fabrikində olub. SİA-nın Cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev fabrikdə emal prosesinin işə salınma mərasimində iştirak ediblər. Rəmzi düymə basıldıqdan sonra fabrikdə yaşıl çay yarpağının emalı prosesinə başlanılıb. Mərasim iştirakçıları çay emalı fabrikinin ərazisi və istehsal prosesi ilə tanış olublar. Məlumat üçün qonaqlara bildirilib ki, fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. Qonaqlara fabrikin istehsal texnologiyaları, çay emalının soluxma, qurutma, burma, fermentləmə, sortlaşdırma prosesləri haqqında məlumat verilib. 5 hektar əraziyə malik olan müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq nəzərdə tutulur.Müasir standartlar səviyyəsində qurulan çəkici-bükücü sexdə 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Ümumən təsərrüfatda mindən artıq işçi çalışacaq.Sonra mərasim iştirakçıları çay muzeyi, dequstasiya zalı və çay evi ilə tanış olublar.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fabrikdə aparılan quraşdırma işləri ilə tanışlıq zamanı Azərbaycanda ən müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək ilk belə müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. 2010-cu ildə yaradılan "Astaraçay" kənd təsərrüfatı müəssisəsinin ümumi əkin sahəsi 640 hektardır. Bunun da 400 hektarını yaşıl çay plantasiyaları təşkil edir. Müasir suvarma sistemləri ilə təmin edilən çay sahələrində Gürcüstandan gətirilən "Kolxida" sortunun rayonlaşdırılmış növü əkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə