Gəncənin daşınmaz əmlak bazarında durğunluq

FOTOLAR
Gəncənin daşınmaz əmlak bazarında durğunluq

Gəncənin daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir. Hazırda daha çox tələbat torpaq sahələrinədir. Bina və həyət evlərinin satışında isə vəziyyət o qədər də ürəkaçan deyil. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Gəncədə fəaliyyət göstərən daşınmaz əmlak agentliklərindən son aylar alıcı qüvvəsinin xeyli azaldığı bildirilir.

Əvvəlki illərdə yay aylarında daşınmaz əmlak bazarının canlanması müşahidə edilirdisə, indi durum tam fərqlidir. Manatın dollara nisbətdə ucuzlaşmasından sonra əhalinin alıcılıq qabiliyyəti 70 % aşağı düşüb. Daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət isə dəyişilməz olaraq qalıb. Burada hal-hazırda bir otaqlı mənzil 40-43 min manat arası dəyişir. Torpaq sahələri isə yerindən asılı olaraq 1 sotu 6 min manatdır.Şəhərin içərisində isə torpaq sahələri demək olar ki, bahadır. Həmçinin şəhərdə yay aylarında kirayə mənzillərə tələbat da azalıb. Şəhərdə kirayə evlərin qiyməti isə otaq sayına və rahatlığına görə 500 manatdan başlayır. Daşınmaz əmlak agentliklərindən bildirirlər ki, müşahidə edilən durğunluğun qarşıdakı aylarda da davam etməsi mümkündür.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə