Turistlərə Samuxa gəlməyə nə mane olur ?

FOTOLAR
Turistlərə Samuxa gəlməyə nə mane olur ?

Təbii gözəlliyi və infrastruktur imkanları geniş olan Samux rayonunun Kürqırağı meşə zolağı turizmin inkişafı baxımından əlverişlidir. Lakin bu ərazidən demək olar ki, istifadə edilmir. Yerli və əcnəbi qonaqlar buraya üz tutsalar da, hotel və müasir səviyyəli iaşə obyektlərinin olmaması turist axınının qarşısını alır. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, balıq ovu, meşə gəzintisi, gözəl təbiət – bütün bunlar Samuxda var. Amma rayon hələ də turizm imkanlarından layiqincə istifadə ediləcəyi günü gözləyir. Gəncə şəhərinin və ətraf rayonların sakinləri mövsümdən asılı olmayaraq əraziyə istirahət məqsədilə üz tutsalar da, buradakı şərait o qədər də ürəkaçan deyil. Kür qırağının turizm imkanlarını genişləndirmək məqsədilə artıq Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin sahibkarlıq subyektlərinə müraciət edilib. Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyevlə söhbətimiz zamanı bildirdi ki: "Rəsmi olmasa da qeyri- rəsmi ərazidə turizm inkişaf edib. Kür sahilində ailəsi ilə, dostları ilə gəlib dincələnlər var. Onların gecələmə yeri Gəncə şəhəri olsa da əraziyə istirahətə gələnlər olur. Gələcəkdə hansısa bir iş adamı Kür sahilində müasir tipdə çimərlik yaratsa ora axın kütləvi şəkildə ola bilər".

Qeyd edək ki, Kür qırağına gələnlərə bir neçə kafe və restoran xidmət göstərir. Lakin onların böyük əksəriyyəti günün tələblərinə cavab vermir. Kürdə çimmək isə rəsmən qadağandır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə