Qafqazın ən güclü, ən nizami ordusu

Qafqazın ən güclü, ən nizami ordusu

Müasir Azərbaycan ordusu öz qüdrətinə və maddi-texniki təchizatına görə ən güclü ordudur. Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının Partiyanın Qərargahında 26 iyun Silahlı Qüvvələr günü münasibətilə keçirdiyi tədbirdə səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etdi ki, uzun illərdir bu tarix ölkəmizdə rəsmi bayram kimi qeyd olunur. 1918-ci il, iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra milli ordu ləğv edildi. Sovet imperiyası dağılandan, ölkəmiz dövlət müstəqilliyinin bərpa edəndən sonra, 1991-ci il, oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.

Ümummilli lider Heydər Əliyevin 22 may, 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.Ulu öndərin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur.

Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Təsadüfi deyil ki, hal – hazırda Azərbaycan Respublikasının hərbi büdcəsi mənfur düşmənimiz olan Ermənistanın dövlət büdcəsindən çoxdur.Məhz bu bizlərdə inam yaradır ki, erməni işğalında olan torpaqlarımız, gözəl Qarabağımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi sayəsində tezliklə azad olunacaq, ərazi bütövlüyümüz təmin olunacaqdır.

Tədbirdə YAP fəalları Hafiz Kərimov, Xanlar Qəmbərov, Söhbət Pənahov, Əsli Süleymanzadə və başqaları çıxış edərək qeyd etdilər ki, ölkəmizdə hər il ordu quruculuğu, silahlı qüvvələrimizin müasir silah – sursatla, döyüş texnikası ilə daha yaxşı təchizatı sahəsində ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər görülür.Bu sahədə ixtisaslı kadrların hazırlanması, hərbi qulluqçuların maddi təminatının yaxşılaşdırılması sahəsində atılan addımlar milli ordumuzun daha da güclənməsinə, hərbiçilərimizin döyüş ruhunun daha da yaxşılaşdırılmasına istiqamətləndirilmişdir.Bu gün Qafqazın ən güclü ordusu olan Azərbaycan silahlı qüvvələri Cənab Prezidentin əmriylə düşmən tapdağı altında olan torpaqlarımızı hər an ərzində işğaldan azad etməyə tam qadirdir.Ümidvarıq ki, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi səriştəsi və Azərbaycan ordusunun qüdrəti sayəsində Şuşada, Xankəndində və işğalda olan digər ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq, qaçqınlarımız və məcburi köçkünlərimiz öz yurd – yuvalarına geri dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə