FOTOLAR
Nigar Rəfibəyli yad edildi

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin adını daşıyan 43 saylı tam orta məktəbdə "Nigar poeziya günü" keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova çıxış edərək inqilablar beşiyi olan Gəncənin ünlü nəsillərindən olan Rəfibəylilərdən, onların represiyalara düçar olmasından, Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolundan danışıb. 43 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Cəfərova Nigar Rəfibəyli poeziyasının rəngarəngliyi, tərcümə sahəsində fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra jurnalist Fazil Kazımov Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərini ön plana çəkib. Tədbirdə şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Ramiz Təmkin, Nadir Ovçu və başqaları Nigar Rəfibəyli barədə öz ürək sözlərini deyiblər və ona həsr etdikləri şeirlərini oxuyublar. Sonda məktəbin şagirdlərindən Nəzrin İsmayılova, Nurtac Süleymanova, Suqra Həsənova, Zöhrə Nəzərova, Aysu Ələsgərli, Aysel Məmmədova, Ruhəngiz Allahverdiyeva, Enes Vəliyeva, Səbinə İsgəndərova və Aysun Məmmədova Nigar Rəfibəylinin şerlərindən ibarət maraqlı kompazisya ilə çıxışlar ediblər.

Daha sonra tədbir Xan bağında Nigar Rəfibəylinin heykəli önündə davam etdirilib.

Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin şagirdi Aysu Ələsgərlinin ifa etdiyi şairin "Neyləyim" şeiri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə