Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir

Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir

Lənkəranda bu ilin əvvəlindən inşasına başlanan yeni Olimpiya İdman Kompleksində işlər sürətlə davam etdirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, yeni kompleks əvvəlkindən genişliyi, görkəmi və çoxnövlü olması ilə fərqlənəcək.

Tikinti aparan şirkərin baş mühəndisi İlqar Qasımovun sözlərinə görə, bu layihə şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən bəyənilib: "Respublikada belə bir kompleks bu günə qədər inşa olunmayıb. Hazırda ərazidə tikinti-quraşdırma və betonlama işləri aparılır. Kompleksin qapalı hissəsində 25 metrlik üzgüçülük hovuzu, voleybol, basketbol meydançaları, 54x30 metr ölçüdə 1600 m2 sahəsi olan futzal, tennis kortu, boks rinqi, güləş və digər məşq zalları olacaq. Bu günə qədər tikinti işlərinin 80 %-ə qədəri tamamlanıb. Layihəyə əsasən kompleksin açıq hissəsində böyük futbol meydançası, futzal, voleybol, basketbol, tennis meydançaları və qaçış zolağı olacaq".

Xatırladaq ki, inşa edilən İdman Kompleksinin ümumi ərazisi 5 hektar yarımdır. 8288 m2-lik əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Bundan əlavə idmançıların istirahəti, qidalanması üçün kafe və qonaqların qalması üçün müasir standartlara cavab verən mehmanxana da nəzərdə tutulub. Binanın fərqli,orjinal dizaynı olacaq və fasadı keramaqranitlə üzlənəcək. İdman Kompleksinin gələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ölkədə ilk Olimpiya İdman Kompleksi də 9 oktyabr 2003-cü ildə Lənkəranda istifadəyə verilmişdi. Ən müasir idman standartlarına cavab verəcək yeni Kompleksin inşası da ölkəmizin inanılmaz nailiyyətlərini gerçəkləşdirməsində mühüm rol oynayacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə